BAKI, 5 aprel — Sputnik. Narkotik satışı ilə bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilib.
Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliyə əsasən Cinayət Məcəlləsinə yeni 234.4.4-cü maddə əlavə edilir.
Yeni maddəyə görə, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma kütləvi informasiya vasitələrindən, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Sənəd səsə qoyularaq birinci oxunuşda qəbul olunub.
Qeyd edək ki, 234-cü maddə "Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma" adlanır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.