PAYTAXT XƏBƏRLƏRİ

Əjdər Ol uzun müddət həbsxanada yatacaq

Əjdər Cəbiyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs edilib.
Sputnik
BAKI, 5 aprel — Sputnik. Bakı Ağır Cinayətlər Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu gün hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda təqsirləndirilən şəxs son söz deyib. O, son sözündə məhkəmədən yaşını və fəaliyyətini nəzərə alaraq ədalətli qərar qəbul etməyi xahiş edib.
Daha sonra prosesdə hökm elan olunub. Hökmə əsasən, Əjdər Ol vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Əjdər Cəbiyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs edilib.
İstintaq orqanı tərəfindən toplanmış materiallarla təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənsiməmə, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.1, 311.3.2 və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham elan olunub.
Ə.Cəbiyev Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol təxəllüsü ilə tanınan şair-publisistdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.