BAKI, 5 aprel — Sputnik. Azərbaycan hökumətinin hesabatı parlamentdə müzakirə olunarkən Bakı-Quba yolu ilə bağlı məsələnin həllinin tapması ilə bağlı məsələ qaldırdım.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.
Deputat bildirib ki, Baş nazir və digər şəxslərlə həmin iclasdan sonra da görüşüb: "Bir daha bu tribunadan Baş nazirə müraciət edirəm ki, ya yolun təmiri, ya da alternativ yolun çəkilməsini təmin etsin. Mən Qubada idim, sakinlər artıq bu yoldan istifadə edə bilmirlər. Ümumiyyətlə, istər Baş nazirin, istər Baş nazirin müavinlərinin, digər nazirlərin Qubada villaları var. Onlar gedəndə o yolu görmürlərmi? Prezidentə çıxmadan Azərbaycanda bir sıra məsələlərin həlli mümkündür. Yəni bu yolun təmiri üçün göstəriş verə bilərlər".
V.Əhmədov diqqətə çatdırıb ki, bu yola alternativ, pullu yol çəkilir: “Lakin bu yol əvvəlki yolu əvəz etmir. Ona görə də insanlar əvvəlki yolun təmir edilməsini istəyirlər. Yeni çəkilən alternativ yol birbaşa Xaçmaza və sərhəd buraxılış məntəqəsinə gedir. Əgər Baş nazir, onun birinci müavini məsələni bilirsə, onu həll etmirsə, məcbur oluram ki, Prezidentə müraciət edəm ki, bu yolun məsələsi həll edilsin”.
"Satışda vaxtı keçmiş qida məhsulları, dərmanlar var"
Deputat Rüfət Quliyev isə çıxış edərək bildirib ki, bu gün bizim üçün ən vacib məsələ iqtisadi artım, inflyasiya ilə mübarizə və sosial problemlərin tezliklə həll olunmasıdır.
O qeyd edib ki, bu gün ticarət şəbəkələrində kifayət qədər vaxtı keçmiş qida məhsulları satılır: “Aidiyyəti qurum bu məsələdə işləyir. Amma elə məsələlər var ki, dövlət bunu nəzarətə götürməlidir. Bu məsələyə dövlətin nəzarəti yüksək olmalıdır. Digər tərəfdən, bizdə satışda vaxtı keçmiş dərmanlar və onların tərkibləri barədə ciddi nəzarətə ehtiyac var. Dərmanların həm qiymət, həm də keyfiyyətinə nəzarət artırılmalıdır. Başqa məsələ xaricdə olan tələbələrdir. Bu tələbələrin ölkəyə qayıtmasına kömək etmək lazımdır. Onlar Azərbaycan vətəndaşıdır”.
Qeyd edək ki, bu gün Milli Məclisin iclasında 17 məsələ müzakirə ediləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.