SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bələdiyyələr "torpaq satan" imici ilə tanınırsa, bu, hamımızın günahıdır - deputat

Millət vəkilinin sözlərinə görə, bələdiyyələr siyasiləşir və icra hakimiyyətlərinin əmrinə tabe olan quruma çevrilir. Onların çoxu mövcud resurslardan istifadədən başqa digər qazanc yolu bilmirlər.
Sputnik
BAKI, 5 aprel — Sputnik. "Gərək birinci növbədə bələdiyyələrə bacarıqlı adamlar seçilsin. İcra hakimiyyətləri və yerlərdəki nümayəndələri elə adamları önə verirlər ki, onlar daha çox əmrlərə tabe olsunlar".
Sputnik Azərbaycan xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin bugünkü iclasında "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında" sənədin müzakirəsi zaman deyib.
"Bələdiyyələr siyasiləşir və icra hakimiyyətlərinin əmrinə tabe olan quruma çevrilir. Onların çoxu mövcud resurslardan istifadədən başqa digər qazanc yolu bilmir. Mövcud resurslar da çoxdan talanıb, satılıb, bağışlanıb və darmadağın edilib. Küncdə-bucaqda nə qalıbsa, onun mübarizəsi gedir. Hərçənd ki, bələdiyyələrin qazanc götürməsi üçün qanunvericiliklə bütün məsələlər həll edilib. Bələdiyyələr yararlana bilirmi? Əlbəttə, yox", - R.Nurullayev deyib.
O qeyd edib ki, bələdiyyələrə biznes təlimi keçmək, qazanc götürmək üçün biznes planları və icra mexanizmini öyrətmək vacibdir:
"Bəli, deyəcəksiniz ki, edirik. 10-15 nəfəri bir yerə yığıb dərs demək, qələm, dəftər paylamaq, dörd divar arasında bir neçə saat saxlayıb buraxmaq təlim deyil. Təlimdə oturanların əksər hissəsi telefonuna baxır ki, günorta yeməyi nə zaman olacaq və nə zaman bu "katorqa"dan canları qurtaracaq. Çünki onlar o sahənin adamı deyil. Onda soruşuram, xahiş edirəm ki, cavab verin. O təlimlər nəticəsində hansı şəxslər və bələdiyyələr xoşbəxt olub, biznes qurub, qazanc götürüb, əhalinin problemlərini həll edib? Nəsimi, Yasamal bələdiyyəsi deməyin, şəhərdə hər addım cah-calal saçır, şəhər bələdiyyələri gərək ən varlı qurumlardan birinə çevrilib yerli problemlərin həllini üzərlərinə götürərdilər. Siz mənə rayon, kənd, qəsəbə bələdiyyələri deyin. Bələdiyyələri də qınamıram".
Deputat bildirib ki, qazanc götürmək üçün yerli resurslar da çox zəifdir: "Olanları da əllərindən almışıq. Mədən vergisini də onlardan alıb mərkəzləşdirdiniz. Mən əleyhinə səs verdim, çünki bu aktı bələdiyyələr üçün çıxarılan ölüm hökmü kimi gördüm. Uzun sözün qısası, bələdiyyələrin iki dəfə azaldılmasına çağırış edirəm. Təklifim budur ki, pilot layihə üçün 30 bələdiyyə seçilsin - 5 şəhər, 5 rayon və 20 kənd bələdiyyəsi. Biz xaricdən, qonşu Türkiyədən, digər ölkələrdən mütəxəssislər cəlb edək və onlara 4-5 il zaman verək ki, bu zaman ərzində o bələdiyyələrdə pilot layihə həyata keçirib uğurlu işlərə imza atsınlar, yerli mövcud resurslardan biznes dəyəri yaratsınlar, uşaq bağçası, poliklinika, məktəb, xırda biznes sexləri, emal müəssisələri qursunlar. Banklardan və dövlət fondlarından ucuz kreditlər cəlb edib iş qura bilsinlər, xaricdən kredit alsınlar. Onlara bu şəraiti yaradaq. Sonra bu təcrübə və pilot layihə bütün bələdiyyələrə tətbiq edilsin. Konkret iş görmək və dəyər yaratmaq zərurətdir".
"23 ildir ki, bələdiyyələr yaradılıb. Hələ də onlar "torpaq satan" imici ilə tanınırsa, vətəndaşlar ona vergi vermək istəmirsə, onlara inam yoxdursa, xalq tərəfindən mənfi münasibətə malik qurumlardan biridirsə, bu, onların günahı deyil, bu, bizim hamımızın günahıdır. Xahiş edirəm verdiyim təklif dəyərləndirilsin və mümkünsə yazılı şəkildə cavablandırılsın", - deyə deputat əlavə edib.
Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi" qəbul edilib. Müzakirələrdən sonra məruzə səsə qoyularaq qəbul edilib. Məruzəni ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib.
O qeyd edib ki, 2021-ci ildə uçotdan kənarda qalan vergitutma obyektlərinin qeydiyyata alınması nəticəsində bələdiyyə büdcələrinə yalnız torpaq və əmlak vergisindən 2020-ci illə müqayisədə ötən il təxminən 3,5 milyon çox vəsait daxil olub.
V.Zahirov diqqətə çatdırıb ki, Bakı şəhərində fəaliyyət göstərən bələdiyyələr üzrə bu artım 2,5 milyon manat təşkil edib.
Nazir müavini qeyd edib ki, bələdiyyələr tərəfindən pul tələbinə dair inzibati aktların qəbulu və məcburi icraya yönəldilməsi halları 4 dəfə artıb. Sosial mediada fəallığın artırılması məqsədilə 57 rayon üzrə bələdiyyə sədrlərinin əlaqələndirmə şuralarının feysbuk səhifəsi yaradılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.