TƏHSİL

Abituriyentlərə şad xəbər - Qəbul üçün ərizə qəbuluna yenidən şans yaradılacaq

F.Balıyeva "Abituriyentin elektron ərizəsi" formasını təsdiq etmək üçün verilmiş müddəti keçirdiyindən ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək şansını itirib".
Sputnik
BAKI, 5 aprel — Sputnik. 2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün müraciət edən məzunlar arasında elektron ərizələrini təsdiqləmədikləri üçün imtahanlardan kənarda qalanlar az deyil.
Onlardan biri də Fatimə Balıyevadır.
Səhhəti ilə bağlı evdə təhsil alan F.Balıyeva "Abituriyentin elektron ərizəsi" formasını təsdiq etmək üçün verilmiş müddəti keçirdiyindən ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək şansını itirib. F.Balıyeva deyir ki, o, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulunun nə vaxt başa çatdığından xəbərsiz olub. Evdə təhsil alan şagird bildirir ki, onun kimi məlumatsız olan digər abituriyentlər də imtahanda iştirak edə bilməyəcəklər.
Sputnik Azərbaycan cari ilin məzunları üçün ərizə qəbuluna yenidən şans yaradılmasının mümkün olub-olmadığını araşdırıb.
Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yaranmış vəziyyətdən xəbərdardırlar:

"Cari ilin məzunları üçün ərizə qəbulu sistemi yaxın günlərdə yenidən aktiv ediləcək".

X.Xanlarzadə deyib ki, ərizə qəbulu sisteminin bu həftə ərzində aktiv edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu mart ayının 18-də başa çatıb. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ümumilikdə 96629 abituriyent ərizəsini təsdiq edib.
Xatırladaq ki, sənəd qəbulu martın 4-də başlayıb.
Ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak edirlər. İxtisas qrupları, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qeydiyyat sayı ilə DİM-in saytında statistika bölməsində real vaxt rejimində tanış olmaq mümkündür.
Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar) şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və təsdiq edirlər (etdirirlər).
Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən "Abituriyentin elektron ərizəsi" forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir). Abituriyentlərin əksəriyyəti ərizələrini özləri təsdiq edə bilirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
TƏHSİL
İmtahan protokolları və cavab vərəqləri nə zaman yoxlanılacaq?