İQTİSADİYYAT

Türkmənistan Azərbaycana plastik torbaların tədarükünü təşkil edə bilər

Aylıq istehsal gücü 300 ton olan müəssisədə geyim, tikinti materialları, kənd təsərrüfatı məhsulları üçün polipropilen və polietilen torbalar istehsal edilir
Sputnik
BAKI, 4 aprel — Sputnik. Türkmənistanın "Deqreplast" təsərrüfat cəmiyyəti Azərbaycana plastik torbaların tədarükünü təşkil etməyi planlaşdırır.
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, hazırda Azərbaycandan olan sahibkarlarla ixrac müqavilələrinin bağlanması üçün danışıqlar aparılır.
Aylıq istehsal gücü 300 ton olan müəssisədə geyim, tikinti materialları, kənd təsərrüfatı məhsulları üçün polipropilen və polietilen torbalar istehsal edilir.
Hazırda məhsullar Rusiya, Türkiyə, Özbəkistan, Qırğızıstan və Qazaxıstana ixrac olunur.
Qeyd edək ki, Azərbaycanda 2021-ci il yanvarın 1-dən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan edilib. Bununla bağlı "Ətraf mühitin mühafizəsi haqqında" qanuna edilmiş dəyişikliklər qüvvəyə minib.
Sənəd ölkə Prezidentinin 2019-cu il 7 fevral tarixli "Azərbaycanda plastik qablaşdırma tullantılarının ətraf mühitə təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı"na əsasən hazırlanıb.
Qalınlığı az olan plastik torbalar çürüməyə qarşı davamlı olduğu üçün təbiətin çirklənməsində daha böyük rol oynayır. Sənədə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan edilib.
Qanun polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən, digər birdəfəlik istifadə üçün nəzərdə tutulan məhsullara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.