BAKI, 4 aprel — Sputnik. Vladimir Putin "Xarici dövlətlərin qeyri-dost hərəkətləri ilə əlaqədar cavab viza tədbirləri haqqında" fərman imzalayıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadla xəbər verir ki, sənəd hüquqi informasiya portalında dərc olunub.
Rusiya Aİ, Norveç, Danimarka, İslandiya, İsveçrə və Lixtenşteynlə viza rejiminin sadələşdirilməsi sazişlərinin müəyyən bəndlərini dayandırıb.
Xüsusilə, söhbət Aİ ölkələrinin rəsmi nümayəndə heyətlərinin üzvlərindən və jurnalistlərdən gedir.
Həmçinin diplomatik pasport sahiblərinin Rusiyaya vizasız daxil ola bilməsi norması da dayandırılıb.
Prezident Xarici İşlər Nazirliyinə yeni qaydalar barədə Avropa İttifaqının Nümayəndəliyinə və sadalanan ölkələrin səfirliklərinə məlumat verməyi, eləcə də dostluğa zidd hərəkətlərə yol verən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Rusiyaya girişinə şəxsi məhdudiyyətlərin qoyulmasını tapşırıb.
Hökumət fərmanda göstərilən beynəlxalq müqavilələrin dayandırılması ilə bağlı qanun layihəsi hazırlayıb Dövlət Dumasına təqdim etməlidir.
Rusiya ilə Avropa İttifaqı arasında münasibətlər Ukraynanın demilitarizasiyası və denazifikasiyası üzrə hərbi xüsusi əməliyyatın başlamasından sonra xeyli pisləşib. ABŞ-ın ardınca Aİ Moskvaya qarşı irimiqyaslı sanksiyalar tətbiq edib, Rusiyanın enerji resurslarından asılılığı azaltmaq çağırışları daha gur səslənməyə başlayıb, müxtəlif ölkələr onlarla rus diplomatını ölkədən çıxarıb.
Moskva cavab olaraq Aİ-nin bütün 27 dövlətini və Aİ-yə daxil olmayan on digər ölkəni dost olmayanlar siyahısına salıb. İndi ABŞ başda olmaqla bu siyahıda 48 ölkə var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.