AZƏRBAYCAN XƏBƏRLƏRİ

Dövlət Yol Polisi sürücülərə xəbərdarlıq etdi

Polis mayoru bildirir ki, paytaxt ərazisində küləyin sürətinin normadan artıq olması sürücülər və hərəkətin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaradır.
Sputnik
BAKI, 4 aprel — Sputnik. Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi paytaxt ərazisində davam edən küləkli hava şəraiti ilə əlaqədar olaraq sürücülərə xəbərdarlıq edib.
Sputnik Azərbaycan xəbər verir ki, idarənin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, kəskin hava şəraiti ilə əlaqədar olaraq nəqliyyat vasitələrini təhlükəli ərazilərdə park etməsinlər.
Polis mayoru bildirir ki, paytaxt ərazisində küləyin sürətinin normadan artıq olması sürücülər və hərəkətin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaradır:
"Küləkli hava şəraiti ilə əlaqədar sürücülərdən və piyadalardan son dərəcə ehtiyatlı olmasını, təhlükəsizlik qaydalarına daha da ciddi əməl edilməsini, belə ki, avtomobilləri çoxmərtəbəli binaların, ağacların altında saxlamamağı tövsiyə edirik". O vurğulayıb ki, moped və motosikl tipli nəqliyyat vasitələrindən, eləcə də yük maşınlarından istifadə edən şəxslər hərəkətlərini məhdudlaşdırsınlar. Piyadalardan isə açıq hava şəraitində hərəkətlərini mümkün qədər məhdudlaşdırmaq xahiş edilir.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Müraciətdə deyilir ki, FHN gözlənilən güclü küləkli hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır: "Belə ki, güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli davranaraq yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur".
Həmçinin, güclü küləyin baş verə biləcək yanğınların söndürülməsi prosesini mürəkkəbləşdirdiyini nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.