BAKI, 4 aprel — Sputnik. "Brüsseldə keçiriləcək görüşə Azərbaycan və Ermənistan böyük əhəmiyyət verir". Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Qeyd edək ki, aprelin 6-da Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Brüsseldə görüş keçiriləcək.
Politoloq İlyas Hüseynov bildirib ki, ötən ilin dekabrında da tərəflər arasında keçirilmiş görüşdə mühim nəticələr əldə olunmuşdu:
"Bununla yanaşı, biz Avropa İttifaqının regiona artan xüsusi diqqətini görürük. Sülh gündəliyi əsasında keçirilmiş danışıqlar öz praktiki nəticələrini verməkdədir. Bu, Rusiyanın vasitəçiliyi ilə keçirilmiş danışıqlar üçün də alternativ formalaşdırır".
Politoloqun sözlərinə görə, Azərbaycanın sülh müqaviləsi üçün Ermənistana təqdim etdiyi beş baza prinsipi beynəlxalq hüququn fundamental normalarına söykənir: "Bu prinspilərin Ermənistan tərəfindən qəbul olunması əsasında sülh müqaviləsinin imzalanması mümkündür. Rəsmi Bakı istənilən formatda danışıqları dəstəkləyir və mühüm nəticələrin əldə olunmasına çalışır".
Sülh gündəliyindəki məsələlər dəyişməz olaraq qalır deyən politoloq əlavə edib ki, danışıqlar predmetinə humanitaryönümlü məsələlər də aiddir:
"Ərazilərin minalardan təmizlənməsi Azərbaycan üçün əhəmiyyət kəsb edir. Brüsseldə keçiriləcək danışıqlar bir sıra irəliləyişin əldə olunmasına gətirib çıxara bilər. Biz rəsmi Yerevanın 5 baza prinsipinə müsbət yanaşmasını müşahidə edirik".
"Şarl Mişel Cənubi Qafqaz regionunu yaxşı tanıyır. O, regionda Azərbaycanın və Ermənistanın maraqlarının uzlaşdırılmasında bir sıra təşəbbüslərlə yadda qalıb. Əsas məsələ regionda sülhün, sabitliyin təmin olunmasıdır. Aİ-nin enerji təhlükəsizliyinin təmin olunması üçün regionda sülh və sabitliyin olması vacibdir. Bu gün Avropa ölkələri tərəfindən Azərbaycanın karbohidrogen ehtiyatlarına böyük maraq göstərilir. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də regionda müxtəlif təmasların qurulmasına maraq göstərir", – deyə İ.Hüseynov qeyd edib.
Politoloq son həftə ərzində Bakıya səfər etmiş Polşa və İtaliya xarici işlər nazirlərinin səfərinə də münasibət bildirib. O qeyd edib ki, bu səfərlər aprelin 6-da keçiriləcək görüşə hazırlıq mərhələsi kimi qiymətləndirilə bilər.
"Azərbaycan danışıqlarda irəli sürdüyü müddəaları uzun müddətdir bəyan edib. Azərbaycanın irəli sürdüyü baza şərtlərinin qəbul edilməsi təqdirində Cənubi Qafqaz regionunda sülh və sabitliyin arxitekturasını möhkəmləndirmək olar", – deyə politoloq vurğulayıb.
Politoloq İlqar Vəlizadə isə bildirib ki, Aİ-nin fəallaşması Rusiyanın proseslərdən kənarda qalması fikrini yaratsa da, əslində bu belə deyil:
“Biz Rusiya diplomatiyasının baş verən proseslər fonunda fəallaşmasını müşahidə edirik. Rusiya Prezidenti ilə Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşü öncəsi telefon danışıqları bu prosesin tərkib hissəsidir. Bu danışıqlar zamanı kompleks məsələlər müzakirə edilib. Baxmayaraq ki, Brüssel görüşünün təşkilatçısı Rusiya deyil, ancaq bütün proseslərdə aparıcı rol oynayır”.
“Bu gün Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatı əsasında regionda Rusiya sülhməramlıları fəaliyyət göstərir. Üçtərəfli sazişə əsasən Zəngəzur dəhlizinin reallaşdırılması ilə həmin dəhlizin təhlükəsizliyini Rusiya hərbçiləri təmin etməli idi. Bundan əvvəl təşkil edilmiş Brüssel görüşündə də Rusiyanın iştirakçılığı ilə imzalanmış üçtərəfli bəyanatlara istinad olunur. Bu gün Azərbaycan-Ermənistan arasında sərhədlərin delimitasiya və demraksiyası gündəmdədir. Rusiya bu məsələ ilə bağlı tərəflərə öz vasitəçiliyini təklif edib. Regionda məsələlərin reallaşması praktiki olaraq Rusiyasız mümkün deyil” – deyə politoloq qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.