İQTİSADİYYAT

Şəkər təminatı ilə bağlı Azərbaycanda vəziyyət necə olacaq

Rusiya şəkərin ixracına bu ilin avqustun 31-dək qadağa qoyub. Bu addım Azərbaycanda şəkərin qiymətinə necə təsir edəcək? Məsələyə iqtisadçılar münasibət bildiriblər
Sputnik
BAKI, 3 aprel — Sputnik. Rusiya şəkərin ixracına müvəqqəti qadağa qoyub. Ölkənin İqtisadiyyat Nazirliyi şəkər və xam qamış şəkərinin bu ilin avqustun 31-dək ölkədən çıxarılması ilə bağlı qadağanı dəstəkləyib.
Bəs, bu addım Azərbaycanda şəkərin qiymətinə necə təsir edəcək?
Qida məhsullarının qiyməti dünyada davamlı olaraq artır
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəribli Sputnik Azərbaycan-a deyib ki, Azərbaycanın qida məhsulları üzrə idxalında Rusiyanın payı çoxdur: "Lakin şəkər ilə bağlı bazar böyükdür, alternativlər var. Düşünmürəm ki, bu qadağa Azərbaycanda şəkərin qiymətinə təsir etsin. Bu sahədə problem olmayacaq. Ümumiyyətlə qida məhsullarının qiyməti dünyada davamlı olaraq artır. Tələb artıb, təklif isə azalıb. Bu da istər-istəməz bahalaşmaya gətirib çıxaracaq".
Azərbaycanın daxili ehtiyatları var
"Nəinki Rusiya digər ölkələrdə də bu kimi addımların atılması gözlənilir. Lakin Azərbaycanın daxili ehtiyatları var və bu addımlar bizdə gərginlik yaratmayacaq", - deyə ekspert əlavə edib.
İdxal olunan xam şəkərin 92.2%-i Brazilyanın payına düşüb.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycana idxal olunan xam şəkər 303.7 min ton olub ki, bu da 2020-ci illə müqayisədə 1.9 dəfə çoxdur.
2021-ci ildə ölkəyə idxal olunan xam şəkərin 92.2%-i Brazilyanın, 7.8%-i isə Meksikanın payına düşüb.
Ağ şəkərin idxal və ixrac göstəriciləri
2021-ci ildə ağ şəkər idxalı 18 min ton olub. Bunun 5.2 min tonu Rusiyadan idxal edilib. 2021-ci ildə ağ şəkər ixracı isə 59.1 min ton təşkil edib. Bunun 46.5 min tonu Türkmənistana ixrac olunub.
2021-ci ildə Azərbaycanda şəkər çuğundurundan alınan bərk vəziyyətdə ağ şəkər və şəkər tozunun istehsalı 18.2 min ton olub.
2020-ci ildə şəkərlə özünütəminetmə 69.4% təşkil edib. 2020-ci ildə şəkər çuğundurundan alınan bərk vəziyyətdə ağ şəkər və şəkər tozunun istehsalı 25.8 min ton olub.
Xatırladaq ki, Rusiya Avrasiya İqtisadi Birliyi ölkələrinə taxıl bitkilərinin də ixracına müvəqqəti qadağa tətbiq edib. Qadağa buğda, meslin, çovdar, arpa və qarğıdalını əhatə edəcək və 31 avqust tarixinədək qüvvədə olacaq. Ekspertlər hökumətin taxıl bitkilərinin ixracına müvəqqəti qadağa tətbiq etməsini ərzaq təhlükəsizliyi ilə izah edirlər.
Onu da bildirək ki, fevral ayında Azərbaycanda ölkə başçısı Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Sənədə əsasən, Agentliyin nizamnaməsi, strukturu təsdiqlənib. Fərmana görə, Nazirlər Kabineti "Dövlət ehtiyatları haqqında" qanun layihəsini hazırlayıb dövlət başçısına təqdim etməli, ölkənin istehlak bazarında strateji əhəmiyyətli malların siyahısını təsdiqləməlidir.
Fərmanı şərh edən deputat Vüqar Bayramov Sputnik Azərbaycan-a bildirib ki, Azərbaycan müasir çağırışlara uyğun olaraq ərzaq təhlükəsizliyi və ərzaq təminatının formalaşması, xüsusən də dövlət ehtiyatının artırılması ilə bağlı sistemli fəaliyyət həyata keçirir:
"Prezidentin göstərişlərinə uyğun olaraq Dövlət Taxıl Fondunun ehtiyatlarının artırılması, dövlət ehtiyatları üçün vəsaitlərin cəlb edilməsi və ərzaq təminatının formalaşması əsas prioritetlərdən biridir. Bu baxımdan Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Prezidentinin fərmanı bir mənalı şəkildə ölkəmizdə ərzaq təhlükəsizliyinə xüsusi töhfə verəcək".
Strateji malların siyahısı təsdiq ediləcək
"Sənədə əsasən, Nazirlər Kabineti 3 ay müddətində ölkənin istehlak bazarında strateji əhəmiyyətli malların siyahısını Prezidentlə razılaşdırmaqla təsdiq etməlidir. Bu isə ondan xəbər verir ki, istehlak bazarında dəyişikliklər, qlobal bazardakı çağırışlar və buna uyğun olaraq ehtiyatların formalaşması əsas hədəflərdən biri olaraq qalmaqdadır", - deyə o qeyd edib.
Dünyada ərzaq qıtlığı gözlənilir
Deputat bildirib ki, qlobal bazarda növbəti illərdə hətta ərzaq qıtlığının olacağı proqnozlaşdırılır:
"Qlobal bazarda ərzağa tələb artır. Amma buna rəğmən biz təklifin azalmasını müşahidə edirik. Azərbaycanda ehtiyatların formalaşması həm də qlobal bazardakı dəyişikliklərin ölkədə istehlak bazarına, ərzaq təhlükəsizliyinə təsirlərini minimumlaşdırmaq məqsədi daşıyır".
Ölkədə ərzaq təhlükəsizliyi, ərzaq təminatı prioritetdir
"Bu fərman bir daha təsdiq edir ki, Azərbaycanda ərzaq təhlükəsizliyi və ərzaq təminatı prioritetdir. Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasət həm də ölkədə ərzaq ilə təminatda dayanıqlığın formalaşmasına, ehtiyatların həcminin artırılmasına xidmət edir", - deyə millət vəkili əlavə edib.
Qeyd edək ki, Dövlət Ehtiyatları Agentliyi dövlət və səfərbərlik ehtiyatlarının yaradılması, idarə olunması sahəsində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən, habelə ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlılığını təmin etmək, daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq istiqamətində tədbirlər görən, habelə Dövlət Taxıl Fondunun sərəncamçısı olan publik hüquqi şəxsdir.
Beləliklə, Azərbaycanda daxili bazarda strateji əhəmiyyətli mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısının alınması istiqamətində tədbirləri həyata keçirəcək qurum müəyyənləşib.
İQTİSADİYYAT
Ölkədə şəkər tozu qıtlığı yaranıb? - İstehsalçıdan açıqlama