VİDEO

Paytaxtın gecə klubunda partlayışın nəticələri

Xəsarət alan şəxslərdən reanimasiyada olan 7 nəfərdən 3-nün vəziyyəti kritik, 10-nun vəziyyəti orta ağır, 6 nəfərin isə stabil olaraq qiymətləndirilir.
Sputnik
Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı ümumilikdə 31 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər vəfat edib. Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə Məlumat yayıb.
Xəsarət alan şəxslərdən reanimasiyada olan 7 nəfərdən 3-nün vəziyyəti kritik, 10-nun vəziyyəti orta ağır, 6 nəfərin isə stabil olaraq qiymətləndirilir.
Xəsarət alan digər şəxslər ambulator yardım alaraq buraxılıblar. Son məlumata görə, xəsarət alan şəxslərdən Nərimanov Tibb Mərkəzində müalicə alan 2 nəfər Mərkəzin həkimləri tərəfindən müayinə olunub, ilkin tibbi müdaxilədən sonra vəziyyətləri qiymətləndirilərək evə buraxılmalarına icazə verilib.
Baş vermiş partlayış zamanı xəsarət alanlardan 2 nəfər xarici ölkə vətəndaşıdır. İtaliya vətəndaşı üz çənə zədələnməsi diaqnozu ilə Respublika Klinik Xəstəxanasına yatırılıb, vəziyyəti stabildir.
Seneqal vətəndaşı Nərimanov Tibb Mərkəzinə yerləşdirilib və vəziyyəti ağır olaraq dəyərləndirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq, Baş prokurorun müvafiq qərarına əsasən prokurorluq və Fövqəladə Hallar Nazirliyinin müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılmış, istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.
Hadisənin ilkin ehtimallarla binada qaz təchizatının olmaması səbəbindən orada quraşdırılmış qaz balonundan sızma nəticəsində baş verməsi müəyyən olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.