BAKI, 2 aprel — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 2021-ci il ərzində 58-i qız, 56-sı oğlan olmaqla 114 uşaq övladlığa verilib.
Sputnik Azərbaycan-ın APA-ya istinadən xəbərinə görə, 2022-ci ilin birinci rübündə “Valideyn-himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminə övladlığagötürmə üzrə 70 müraciət daxil olub. Bu dövrdə övladlığaverilən uşaq sayı 54 olub ki, onlardan 31 nəfəri oğlan, 23 nəfəri isə qızdır.
Qeyd edək ki, 2021-ci ilin əvvəlindən valideyn himayəsindən məhrum olmuş uşağa görə aylıq müavinət təsis edilib.
Yeni sosial islahat paketi çərçivəsində həmin müavinət də 2022-ci ilin əvvəlindən 25% artırılaraq, övladlığa götürülən valideyn himayəsindən məhrum olmuş uşağa görə 160 manatdan 200 manata, sağlamlıq imkanları məhdud uşağa görə 480 manatdan 600 manata çatdırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.