MƏDƏNİYYƏT

Reza Deqatinin "Yaralı İnsanlıq" foto instalyasiya sərgisi təşkil olunub - FOTO

Fotoqraf Reza Deqatinin obyektivi vasitəsilə dünyanın bir çox ölkəsində, həmçinin Qarabağda minadan zərər çəkmiş şəxslər həkk olunub.
Sputnik
BAKI, 2 aprel — Sputnik. Beynəlxalq konfrans çərçivəsində Reza Deqatinin "Yaralı İnsanlıq" foto instalyasiya sərgisi təşkil olunub. Sputnik Azərbaycan xəbər verir ki, Bakıda "Humanitar Minatəmizləmə Fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri" mövzusuna dair beynəlxalq konfrans çərçivəsində tanınmış fotoqraf Reza Deqatinin "Yaralı İnsanlıq" adlı foto instalyasiya sərgisi keçirilir.
Nümayiş edilən foto əsərlərin məqsədi gözəgörünməz silahın yaratdığı fəsadlar vasitəsilə insan hekayələrini anlatmaqdır. Konfransda yer alan instalyasiyalar partlayıcı qurğuların törətdiyi təhlükəni və insan sağlamlığına təsirini vurğulayır.
Beynəlxalq konfrans çərçivəsində Reza Deqatinin “Yaralı İnsanlıq” foto instalyasiya sərgisi təşkil olunub
Fotoqraf Reza Deqatinin obyektivi vasitəsilə dünyanın bir çox ölkəsində, həmçinin Qarabağda minadan zərər çəkmiş şəxslər həkk olunub. Danışan foto instalyasiyalar münaqişəyə məruz qalmış ərazilərdə çəkilib.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları Reza Deqatini Qarabağda keçirilən çəkilişlər zamanı müşayiət edib, zəruri təhlükəsizlik qaydalarına riayət edilməsinə nəzarət ediblər.
Beynəlxalq konfrans çərçivəsində Reza Deqatinin “Yaralı İnsanlıq” foto instalyasiya sərgisi təşkil olunub
Həmçinin, şöhrətli fotoqraf ANAMA əməkdaşları ilə qısa video çəkilişdə iştirak edib.
Qeyd edək ki, Reza Deqati 40 ildən çoxdur, dünyanı gəzib-dolaşır. O, Qarabağda dəfələrlə olub. Qarabağ gerçəkliklərini dünyaya çatdırıb. Məşhur fotoqraf Azərbaycanın işğaldan azad olunmuş bir çox bölgələrində - Cəbrayıl, Füzuli, Zəngilan, Kəlbəcər rayonlarında fotolar çəkib. O, bundan başqa, Bərdədə və Gəncədə baş verən erməni terrorunu fotoları vasitəsilə dünyaya yayıb. Bundan başqa, otuzdan çox kitabın müəllifi olan Deqati 20 Yanvar gecəsi ilə bağlı "Məsumların qırğını" (The Massacre of the Innocents) adlı kitab dərc edib.
Beynəlxalq konfrans çərçivəsində Reza Deqatinin “Yaralı İnsanlıq” foto instalyasiya sərgisi təşkil olunub
O, bir sıra beynəlxalq mükafatlar alıb. Missuri Universitetinin "Şərəf" medalına layiq görülüb, Parisin Amerika Universitetinin fəxri doktorudur. Fransa hökuməti onu Milli Cəngavərlik Ordeni ilə təltif edib. Parisdə "Mühacirin düşüncələri", "Kəsişən talelər", Vaşinqtonda "Bir dünya, bir tayfa", Normandiyada "Müharibə+Sülh" və Dohada "Ümid" adlı sərgiləri təşkil olunub. Fotoqraf ümumilikdə 250 sərginin iştirakçısıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
MƏDƏNİYYƏT
Vyanada Reza Deqatinin fotoəsərlərindən ibarət sərgi açılıb - FOTO