AZƏRBAYCAN XƏBƏRLƏRİ

Böyük zəfərin başlanğıcının canlı şahidi

Bu gün şanlı Aprel döyüşlərinin başlamasından 6 il keçir. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşadıb.
Sputnik
BAKI, 2 aprel — Sputnik. Hikmət Məmmədov Aprel döyüşlərinin iştirakçısıdır. 2001-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə, 2004-cu ildə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2008-ci ildə həmin Ali məktəbi bitirərək leytenant rütbəsi alıb. 2009-cu ildə cəbhə bölgəsində xidmətə başlayıb. 2016-ci ilin Aprel doyüşlərində Lələtəpə istiqamətində gedən döyüşlərdə iştirak edib. Qəhrəmanımız döyüşlərə qatılanda kapitan rütbəsində olub.
Hazırda ehtiyatda olan zabit Azərbaycan tarixinin şanlı döyüşləri haqqında Sputnik Azərbaycan-a söz açıb: "2016-cı aprelin 1-nə qədər həmişə KİV-də xəbərlər "mövqelərimiz atəşə tutuldu, cavab atəşi ilə qarşı tərəf susdurulub" sözləri ilə başlayırdı. Amma həmin gün düşmən daha da azğınlaşmışdı. Artıq nəinki mövqelərimizə, kəndlərimizə, hətta mülki insanlarımıza da atəş açırdılar".
Hikmət Məmmədov hərbçi yoldaşları ilə
Azərbaycan ordusu həmin vaxt Ali Baş Komandanın əmrini gözləyirdi. Və gözlənilən əmr gəldi: "Aprel aynın 1-də biz əks-hücuma keçdik. Həmin əraziləri 2-3 saat ərzində düşməndən azad etdik. Biz onlarıın komandirlərinin, əsgərlərinin uzaqdan necə qaçdıqlarının şahidi olduq. İlk dəfə Aprel döyüşlərində pilotsuz uçan aparatdan istifadə etdik. Onlar həmin döyüşlərdə söz vermişdilər ki, "gedib Bakıda çay içəcəyik". Amma həmin sözləri deyənlərin özləri məhv oldular".
Aprel döyüşçüsü öz döyüş yoldaşlarından qürurla söz açdı: "Əslində döyüş heç də rahat olmadı. Çünki, düşmənlərimiz bütün yüksək nöqtələri tutmuşdular. Füzulidən olan bir döyüşçümüz var idi, mayor Elnur Əliyev. O insan Lələtəpə istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan qumbaranın üzərinə atıldı ki, döyüş yoldaşlarına heç nə olmasın. Biri var düşmən gülləsindən şəhid olasan, bir də var özünü qurban edəsən. Ailəli idi, övladları var idi. Heç nəyi düşünmədən özünü fəda elədi. Elnur kimi igid oğlanlarımız çox idi. Elə oğullarımız var idi ki, yaralandıqları halda döyüşməyə davam edirdilər. Lələtəpəyə bayraq sancmaq da çox çətin idi. Güllə yağışının altında bayraq sancıldı. Lələtəpə yüksəkliyinə Azərbaycan bayrağını sancmaq Asim Əliyevə qismət oldu".
Hikmət Məmmədov hərbçi yoldaşı ilə birgə
Kapitan Məmmədov bildirir ki, döyüşçülərimiz döyüşə gedəndə bayraq götürmüşdülər, çünki, üçrəngli bayrağın mütləq asılacağını bilirdilər: "Döyüşlərdən ən çətini Talış yüksəkliyində oldu. Həmin döyüşlərdə 69 şəhid vermişik. Düşmənlər də o yüksəkliyi vermək istəmirdilər. Onlar bilirdi ki, itirə-itirə gedirlər. Başladılar öz postlarını da vurmağa. Onlar üçün orada öz əsgərlərinin olub-olmaması maraqlı deyildi".
Qəhrəmanımız özü də düşmən tərəfindən atılan mərmi nəticəsində yaralanıb. Bədəninin müxtəlif nahiyələrindən zədə alan Hikmət bəy bu gün qürurla yaşadığını, fiziki ağrıların ona əzab vermədiyi bildirir: "Düşməndən intiqam almaq hissi ilə irəli addımlayırdıq. Bu hisslə də duşmənin üzərinə qartal kimi şığıdıq. 2 saat dayanmadan gedən döyüşdə xeyli düşmən məhv edildi. Yüksəklikləri ələ keçirdik. Mən düşmən tərəfindən açılan minamyot mərmisinin yanıma düşməsi nəticəsində başımdan ağır yaralandım və döyüş yoldaşlarım tərəfindən hərbi hospitala gondərildim. Başımda hələ də qəlpə var".
Hikmət Məmmədov
Məlumat üçün bildirək ki, Hikmət Məmmədov ön xətdə göstərdiyi xidmətlərə görə "Qüsursuz Xidmətlərə Görə", "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi", "Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi", "Hərbi Xidmətlərdə Fərqlənməyə Görə", "Vətən Naminə" medalları ilə təltif olunub.
Qeyd edək ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan Silahlı Qüvvələri ilə erməni işğalçıları arasında hərbi toqquşma başladı. Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi. Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradıb, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib.
Hikmət Məmmədov
Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşadıb.
5 apreldə hər iki tərəfin razılığı və beynəlxalq qurumların müşahidəsi ilə yenidən atəşkəs müqaviləsi imzalandı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.