RUSİYA

Rusiya MB sanksiyaları dəstəkləməyən ölkələr üçün pul köçürməsini yüngülləşdirib

Fiziki şəxslər bir ay ərzində Rusiya bankındakı hesablarından öz hesablarına və ya xaricdəki digər şəxslərə 10 min dollardan çox olmamaq şərtilə pul köçürə biləcəklər.
Sputnik
BAKI, 1 aprel — Sputnik. Rusiya bankı fiziki şəxslərin xaricə pul köçürmələrinin bir hissəsinə qoyulan məhdudiyyətləri yüngülləşdirib.
Sanksiyaları dəstəkləyən ölkələrdən qeyri-rezidentlər üçün pul köçürmələrinə qoyulan qadağa isə olduğu kimi qalıb.
Rusiya Mərkəzi Bankının verdiyi məlumata görə, yaxın altı ay ərzində vətəndaşların xaricə pul köçürmələrinin məbləği üçün yeni həddlər müəyyən ediləcək. Bir təqvim ayı ərzində fiziki şəxslər Rusiya bankındakı hesablarından öz hesablarına və ya xaricdəki digər şəxslərə 10 min dollardan çox olmamaq şərtilə (və ya bu məbləğin digər valyutada ekvivalenti) pul köçürə biləcəklər. Hesabı açmadan pul köçürmə xidmətləri göstərən şirkətlər vasitəsilə ayda 5 min dollardan çox olmayaraq pul köçürmək mümkündür.

"Normalar sanksiyaları dəstəkləməyən ölkələrdən gələn rezidentlərə və qeyri-rezidentlərə şamil olunur. Eyni imkan Rusiyada əmək və ya mülki-hüquqi müqavilələr üzrə fəaliyyət göstərən bütün digər dövlətlərdən olan qeyri-rezidentlərə də verilib", - deyə Mərkəzi Bank qeyd edir.

Eyni zamanda, sanksiyaları dəstəkləyən və Rusiyada işləməyən qeyri-rezident fiziki şəxslərin, eləcə də bu dövlətlərin hüquqi şəxslərinin bank hesablarından xaricə pul köçürmələri 6 ay müddətinə dayandırılıb. Sanksiyaları dəstəkləyən ölkələrdən qeyri-rezidentlərin vəsaitlərinin Rusiya brokerlərinin hesablarından xaricə köçürülməsi də altı ay müddətinə dayandırılıb.
Tənzimləyicinin izahatına görə, köçürmələrin məbləği Rusiya bankı tərəfindən köçürmə təlimatının verildiyi tarixdə müəyyən edilmiş rubla qarşı xarici valyutaların rəsmi məzənnəsi ilə hesablanır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.