BAKI, 1 aprel — Sputnik. Dünən Naxçıvanda məktəbin uçması nəticəsində yaralanan 1996-cı il təvəllüdlü Alı Əliyevin vəziyyəti açıqlanıb. Naxçıvan Muxtar Respublikası Xəstəxanasının Reanimasiya şöbəsindən Sputnik Azərbaycan-a bildirilib ki, yaralanmış şəxsin vəziyyəti hazırda stabildir. Onun müalicəsi şöbədə davam etdirilir. Həyatı üçün ciddi təhlükə yoxdur.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Babək rayon Nehrəm qəsəbəsi 3 saylı tam orta məktəbində aparılan yenidənqurma işləri ilə əlaqədar binanın bir hissəsinin uçması nəticəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Babək rayon idarəsində fəhlə işləyən dörd nəfər hadisə yerində ölüb, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Məlumat üçün bildirək ki, Baş Prokurorluğun mətbuat xidməti həlak olanların adlarını açıqlayıb. 2000-ci il təvəllüdlü Qadir Süleymanov, 1972-ci il təvəllüdlü Həsən Əliyev, 1961-ci il təvəllüdlü İbrahim Məhərrəmov, 1988-ci il təvəllüdlü Asəf Rüstəmov hadisə nəticəsində həlak olublar. Hazırda Babək rayon prokurorluğunda araşdırma davam etdirilir.
Xatırladaq ki, Təhsil Nazirliyi bu məsələ barədə dünən məlumat yayıb. Xəbərdə bildirilir ki, Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəb binasının çökməsi nəticəsində şagird və müəllim kollektivi arasında çoxsaylı tələfatın, yaralıların olması ilə bağlı mediada yayılan xəbərlər tamamilə yanlışdır və heç bir əsası yoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.