BAKI, 31 mart — Sputnik. OPEC+ ölkələri may ayında neft hasilatının sutkada 432 min barel artırılması qərarını dəstəkləyiblər.
Sputnik Azərbaycan xəbər verir ki, OPEC+ nazirlərinin görüşündən sonra alyans neft hasilatının artımını sutkada 432 min barel səviyyəsində müəyyən etməyə razılaşıb.
Bundan əvvəl OPEC+ nazirlərinin monitorinq komitəsinin iclası keçirilib və may ayında alyansa neft hasilatını gündəlik 432 min barel artırmaq tövsiyə edilib.
OPEC+ 2020-ci ilin may ayında koronavirus pandemiyasının yaratdığı neft tələbatının azalması səbəbindən gündəlik hasilatı 9,7 milyon barel azaldıb.
Razılaşmanın şərtlərinə dəfələrlə düzəlişlər edilib və 2021-ci ilin avqustundan etibarən alyans hər ay hasilatı gündəlik 400 min barel artırıb.
Mart ayı üçün OPEC+ limitləri sutkada 2,56 milyon barel, aprel ayı üçün isə 2,16 milyon barel təşkil edir.
2021-ci ilin avqust ayından bu yana hər ay gündəlik hasilat 400 min barel artırılırdı.
Qeyd edək ki, ABŞ, Böyük Britaniya və Avropa OPEC+ alyasından dəfələrlə neftin hasilatını artırmağı xahiş edirdilər. OPEC+ ölkələri isə plandan kənara çıxmırdı və aylıq olaraq 400 min barel gündəlik ifadədə artırırdı. Hazırda isə neftin qiymətlərinin təchizatla bağlı narahatlıqlar fonunda 100 dollar/barel olması Qərb ölkələrini narahat edir. Yaxın günlərdə Britaniya Krallığının baş naziri Boris Conson dünyanın nəhəng neft ixraçatçısı S.Ərəbistanına hasilatın artırılması ilə bağlı xahiş etmişdi.
Dünən isə ABŞ administrasiyası strateji neft ehtiyatlarından qiymətlərdəki kəskin bahalaşmanı səngitmək üçün 6 ay müddətinə 180 mln. barel neft çıxaracağını açıqladı. Bu xəbərdən sonra may fyuçersinin qiyməti 107.5 dollara qədər ucuzlaşıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.