BAKI, 31 mart — Sputnik. Moskva və Minsk birlikdə iqtisadi böhranı aradan qaldıra biləcəklər və sanksiya təzyiqinə qarşı mübarizə vasitələri yaradacaqlar. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
Cümə axşamı "Rossiya Seqonya" Beynəlxalq Multimedia Mətbuat Mərkəzində "İttifaq dövləti: iqtisadi inteqrasiya – inkişaf vəzifələri" adlı Rusiya-Belarus ekspert media forumu açılıb.
"Təbii ki, heç bir şübhəm yoxdur ki, hazırda həm iqtisadiyyatda, həm də sanksiya təzyiqi altında üzləşdiyimiz bu çağırışların öhdəsindən gələcək və onlara cavab verəcəyik. Bəli, çətin olacaq, heç də asan olmayacaq. Bu təzyiqə qarşı vasitələrin yaradılması istiqamətində ciddi addımlar atılacaq, ancaq buna baxmayaraq, həm müttəfiq proqramlar çərçivəsində, həm də İttifaq dövləti çərçivəsində əvvəllər yaradılmış işlər bizə bu risklərə dəqiq cavab verməyə imkan verəcək", - deyə diplomat forum zamanı qeyd edib.
Bundan əlavə, Rudenko Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı fonunda Rusiyaya göstərilən dəstəyə görə Belarus tərəfinə təşəkkür edib.
"Bizim müdafiə sahəsində çox sıx əməkdaşlığımız var. Həqiqətən, bu, indi özünü daha qabarıq şəkildə büruzə verib. Fürsətdən istifadə edərək bu çətin vəziyyətdə Rusiya Respublikasının göstərdiyi misilsiz dəstəyə görə Belarus Respublikasının Prezidentinə, Belarus hökumətinə, Xarici İşlər Nazirliyindəki həmkarlarımıza təşəkkür etmək istərdim", - deyə nazir müavini vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.