BAKI, 31 mart — Sputnik. Ağstafa dəmiryol stansiyasının yaxınlığında yerləşən piyada keçidi qəzalı vəziyyətdədir. Bu səbəbdən insanlar keçiddən istifadə etməyə çəkirinirlər. Əvəzində isə ordan daha təhlükəli olan dəmir yolu relslərinin üstü ilə yolu adlayırlar ki, bu da bədbəxt hadisələri qaçılmaz edir. Bir çoxları dəmiryol xəttinin üzərindən keçməklə gündə bu yolu bir neçə dəfə getməli olur.
Rayon sakini Eldar Abdullayev bu keçidin təhlükəli olmasının səbəbini baxımsızlıqda olduğunu söyləyib.
Ağstafada qəzalı vəziyyətdə olan piyada keçidi
© Sputnik / Ilham Mustafayev
“Bu keçidin yüzə yaxın yaşı var. İllər ərzində köhnəlib, qəzalı hala düşüb. Uçub dağılır. Üstündən keçəndə əsim-əsim əsir. Özüm xəstəyəm, ürəyimdən müalicə alıram illərdi. 70-80 yaşlı adam ordan necə keçsin, qalxa bilmirik ordan. Bu hündürlükdə keçid omaqdansa yeraltı edərdilər, hər kəs də istifadə edə bilərdi”-deyə bildirib.
Digər sakin Nazim Qasımov isə keçidin istismar müddətinin çoxdan başa vurduğunu deyib.
“Bu körpünün istismar müddəti çoxdan bitib. Üzərindəki taxtalar çürüyüb. Camaat təhlükəyə görə keçmir. Həm də çox hündürdür. Yaşlı adamlar, qocalar pillələri qalxa bilmirlər. Eşitdiyimə görə buradan yeraltı keçid olması planlaşdırılıb. Amma hələ ki, bir xəbər yoxdur. Keçidin o üzü həm qəsəbədir, həm yaxın bir neçə kənd var. Hər gün yüzlərlə adam gəlib-gedir. Ona görə buradan yaxşı olar elə yeraltı keçid inşa oluna. Bu körpünü də cnlı muzey kimi də saxlamaq olar”, - deyə bildirib.
Ağstafada qəzalı vəziyyətdə olan piyada keçidi
© Sputnik / Ilham Mustafayev
ADY QSC-dən bildirilib ki, 1929-cu ildə inşa edilən dəmir yolu üzərindəki piyada keçidi 1968-ci ildə əsaslı təmir olunub. Sonrakı illərdə müxtəlif vaxtlarda həmin keçiddə cari təmir işləri aparılıb. Bununla yanaşı sözügedən keçidin gələcəkdə yenidən qurulması məsələsinə baxılması da mümkündür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.