BAKI, 18 mart — Sputnik. Tullantılar sırasında siqaret kötükləri ətraf mühit üçün daha çox zərərli hesab edilir. Hazırda dünyada illik olaraq 6.5 trilyon siqaret kötüyü ətraf mühiti zibilləyir. Bu isə o deməkdir ki, gündəlik olaraq 18 milyon siqaret kötüyü ətrafı zibilləyir. Bu barədə researchgate.net məlumat yayıb.
Dünya və Azərbaycandakı vəziyyətin nə dərəcədə təhlükəli olduğuna nəzər yetirək.
Siqaret kötükləri nədən hazırlanır?
İndi çoxlarının düşündüyü kimi siqaret kötükləri heç də pambıq və ya kağızdan deyil, plastik materiallardan hazırlanır. Siqaret kötükləri kiçik olduğundan tullantı kimi ətrafda görünməz olur. Lakin onlar mütləq şəkildə yerin hansısa dərinliyində qalaqlanır və ekoloji vəziyyəti təhdid edir.
Siqaret kötükləri
© Sputnik / Nigar Iskanderova
Kiçik görünsə də, ekoloji sağlamlığı ciddi təhdid edir
Siqaret kötükləri sellüloza asetat (sirkə turşusu-red.) adlanan kimyəvi birləşmədən ibarətdir. Bu kimyəvi birləşmə isə yüzlərlə toksiki kimyəvi elementi özündə birləşdirir. Siqaret kötüklərinin plastik hissəsinin tamamilə xarab olması 10 ilə qədər zaman aparır. Ətraf mühitə buraxdığı kimyəvi maddələr siqaret kötüyünün istifadə müddəti bitdikdən sonra belə, uzun illər qalır.
Bu qalıcı toksinlərə arsen (hansı ki, siçanları zəhərləmək üçün istifadə olunur), qurğuşun (uşaq beyininin inkişafına təsir edən zəhərli maddə), nikotin aiddir. Xüsusən də avtomobillərdən küçələrə "səpilən" siqaret kötükləri zamanla təbiətdə öz sözünü deyir, su mənbələrimizi belə çirkləndirir.
"NatGeo"un məlumatında qeyd olunur ki, dəniz və okeanlarda, onların sahillərində, quşların, dəniz tısbağalarının, balıqların və delfinlərin qarın boşluğunda siqaret kötükləri tapılıb. 2011-ci ildə aparılan bir araşdırma nəticəsində siqaret kötüklərinin şirin su və dəniz balıqları üçün ölümcül ola biləcəyi üzə çıxıb.
Siqaret kötükləri
© Sputnik / Nigar Iskanderova
Ekoloqların tövsiyəsi
Siqaret kötüklərinin təkrar emalı təşkil edilməli, siqaret çəkənlər üçün xüsusi yerlər ayrılmalı, hətta hər bir avtomobildə kül qabı olmalıdır. Çünki siqaret kötükləri torpağı zəhərlədiyi üçün bitkilərin böyüməsini əngəlləyir.
Azərbaycanda siqaret kötüyü problemi
Bu problem Azərbaycan üçün çox aktualdır. Hər addımda siqaret kötüyü ilə qarşılaşa bilərik. Hətta zibil qutularının ətrafında belə siqaret kötüklərinə rast gəlirik.
Maraqlıdır, ölkəmiz üçün çox aktual olan problemlə necə mübarizə aparmaq olar?
Siqaret kötükləri
© Sputnik / Nigar Iskanderova
Ekoloq Müslim Qurbanov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, siqaret kötüyünün tullantısı ətraf mühitin - torpağın, suyun çiklənməsinə səbəb olur, ekoloji vəziyyəti ciddi şəkildə təhdid altına salır. Lakin bununla mübarizə aparmaq üçün bir yol tapılmalıdır. İlk olaraq maarifləndirmə işlərini aparmaq lazımdır:
"Təəssüf ki, yalnız qutuların üzərində və bəzi filmlərdə siqaret çəkməyin qadağan olduğu əksini tapıb. Halbuki, bunun üçün xüsusi roliklər hazırlanmalı, bu sahədə iş gücləndirilməlidir. Bu şəhər, onun küçələri bizimdir. Amma elə bir yer yoxdur ki, orada siqaret kötüyü olmasın. Hətta ətrafda zibil qutusu ola-ola həmin şəxslər siqareti çəkib yerə tullayırlar ki, bu da artıq kütləvi hal alıb".
O qeyd edir ki, ümumiyyətlə, siqaret çəkənlərin 90 faizi ətraf mühitin təmizliyinə fikir vermir: "Problemə xırda məsələ kimi baxırlar, ciddi qəbul etmirlər. Bir var siqaret çəkib özünə ziyan vurasan, bir də var kötüyünü atıb ətraf mühiti zəhərləyəsən. Bunun üçün hər yerdə xüsusi intizam qaydaları olmalıdır. Cərimələrdən daha çox intizam qaydalarına fikir vermək lazımdır".
Ekspertin fikrincə, polis yaxınlaşıb vətəndaşa desə ki, kötüyü yerə atma, vətəndaş daha siqaret kötüyünü yerə atmayacaq.
O, indiki şəraitdə cərimə metodunu effektiv hesab etmir.
Qanun nə deyir?
Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimə var. Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli və “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 23 fevral tarixli 1256 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” fərmanda əksini tapıb.
İnzibati Xətalar Məcəlləsinə əsasən, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə əlli manat məbləğində cərimə tətbiq edilir. Bunu nəzərdə tutan maddə İnzibati Xətalar Məcəlləsinə 2018-ci il 2 noyabr tarixli qanunla əlavə edilib. Fərmana əsasən, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə inzibati xətalara Daxili İşlər Nazirliyi baxır.
Siqaret kötükləri
© Sputnik / Nigar Iskanderova
DİN müvafiq addımlar atır
DİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, müəyyən olunmamış yerlərdə tütün məmulatlarının istifadə olunmasına görə ötən il paytaxtda İnzibati Xətalar Məcəlləsinin 212-ci maddəsinə əsasən 787 protokol tərtib olunub, cari ilin 3 ayında isə paytaxtda 666 nəfər bununla bağlı məsuliyyətə cəlb olunub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, statistik rəqəmlərdə zibil qablarından kənara, nəzərdə tutulmayan yerlərə siqaret atmağa görə tərtib olunan protokolları ayırmaq mümkün deyil:
"Qeyd etdiyimiz rəqəmlərə dayanacaqlarda, insanların sıx toplaşdığı yerlərdə siqaret çəkməyə görə tərtib olunan protokollar var. Bununla yanaşı, bu rəqəmlər sırasında küçələrə siqaret atmağa görə də tərtib olunan protokollar var. Polis əməkdaşı vətəndaşların siqareti çəkərək kötüyünü yerə atmaq halı ilə rastlaşdıqları zaman qanuna müvafiq olaraq tədbirlər həyata keçirir. Şəxs barəsində inzibati tənbeh tədbiri görülür".
Qısaca da olsa, Azərbaycanda siqaret kötükləri ilə bağlı tullantıların həcmini hesablamağa əsas verəcək idxal rəqəmlərinə nəzər yetirək.
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən ötən il ərzində ölkəyə 90 909.21 min ABŞ dolları dəyərində tütün və tütün məhsulları idxal edilib ki, bunun da ümumi idxalda payı 0.78 faiz olub.
Həmçinin 764.2 min ABŞ dolları dəyərində 584.2 ton tütün xammalı, orta damarcığı çıxarılmayan tütün idxal edilib. Tütün tullantılarına gəldikdə, ötən il ərzində 9.63 min ABŞ dolları dəyərində 16.06 ton tütün tullantıları idxal edilib. Qeyd olunan dövrdə 222.38 min ABŞ dolları dəyərində 0.29 milyon ədəd tərkibində tütün olan siqarlar, ucları kəsilmiş siqarlar və nazik siqarlar idxal edilib. O cümlədən, 147 29.71 min ABŞ dolları dəyərində 722.09 milyon ədəd tərkibində tütün olan siqaret idxal edilib.
Cari ilin yanvar-fevralında ölkədə 106.4 milyon manat dəyərində tütün məhsulu istehsal edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalında 10,3 faiz azalma olub.
Siqaret kötükləri
© Sputnik / Nigar Iskanderova
Qeyd edək ki, bu dövrdə ölkədə 2.896,2 milyon ədəd tütün məmulatı istehsal edilib.
Digər maraqlı nüanslara nəzər yetirək:
Hələ ötən əsrin əvvəllərinin statistikasına görə bir amerikalı yeniyetmə illik 54 ədəd siqaret çəkirdisə, siqaretin zamanla populyarlıq qazanması nəticəsində ötən əsrin 60-cı illərində bu rəqəm 4 mini ötüb. Hazırda isə bu rəqəm daha çoxdur.
Hesablamalara görə, siqaretdən imtina edib daşınmaz əmlaka pul yatırmaq mümkündür. Beləcə, Azərbaycanda da tullantıların sayını azaltmaq mümkündür.
Siqaret tullantıları və onun zərərlərinin azaldılması üçün ümumiyyətlə siqaretdən imtina etmək tövsiyə olunur. Bunu necə etmək olar?
Təsəvvür edin ki, siqaretə xərclədiyiniz pulu bir neçə il yığaraq daşınmaz əmlaka, özünüz üçün daha vacib bir ehtiyaca xərcləyə bilərsiniz.
Azərbaycanda siqaretə nə qədər vəsait xərclənir?
Siqaret çəkmək Azərbaycanda da çox bahalıdır. İllik olaraq adambaşına 1.277.5 manatla 3 650 manat arasında vəsait xərclənir. Bu isə 10 il ərzində 12 min 775 manatdan 36 min 500 manatadək vəsait deməkdir. Həmin pula paytaxtda birotaqlı mənzil almaq mümkündür.
Yəni bu gün siqaret çəkməyə davam etməklə qarşıdakı 1 və 10 il ərzində bu qədər vəsait itirir, bunun qarşılığında isə səhhətimizdə müxtəlif xəstəliklərin yaranmasına səbəb oluruq.