O, "Xan" titulunu özünə xan nəslindən olduğu üçün götürüb. Mirəhməd xanın doğum tarixi məlum deyil. Onun XIX əsrin ortalarında dünyaya gəldiyi ehtimal edilir. Muzeyin elmi işçisi Səadət Abdullayeva Sputnik Azərbaycan-a bildirib ki, Xan evi 1913-cü ildə gözəl bir xanımın şərəfinə inşa edilib:
“Binanı fransız memarları inşa edib, bütün inşaat materialları Fransadan gətirilib. Mirəhməd xanın həyat yoldaşı Tuğra xanım "Zaqafqaziya gözəli" seçilib və xanımın xəbəri olmadan onun şərəfinə bu gözəl, möhtəşəm və analoqu olmayan bina inşa olunub. Xan evi Lənkəranda ilk hündürmərtəbəli binadır. İlk dəfə elektrik stansiyası bu binada qurulub. Xan evinin görkəmi də çox gözəldir, gələn qonaqlar da valeh olurlar. Burada hal-hazırda muzey yerləşir amma bura Xan evidir”.
Səadət xanım Muzeydə 7 minə yaxın eksponatın qorunduğunu qeyd edib:
“Bunlardan 3-ü Tuğra xanıma aid güzgülərdir. Onlara arxası daş güzgülər deyilir, Venetsiyadan gətirilib və xanımın şəxsi əşyalarıdı. Burada Mirəhməd xana aid şəxsi əşyalar da var. Bir də burada analoqu olmayan gözəl bir əşya var ki, o da binanın çilçırağıdır. Özəlliyi ondan ibarətdir ki, deyilənə görə, zamanında bu çilçıraq şamlarla yandırılıb, zənciri olub və aşağıya qədər çəkilirmiş. Hazırda o bərpa olunaraq daha da gözəlləşib, elektrik cərəyanı ilə işlədilir. Gələn bütün qonaqlara onu Tuğra xanımın şəxsi əşyası olduğunu deyirik".
Səadət xanım muzeydə qorunan digər əşyalardan da danışıb:
"Eramızdan əvvəl II minilliyə aid, Daş dövrünə aid, Tunc dövrünə aid, XIX əsrə, XX əsrin əvvəllərinə aid əşyalar var. Eksponatlarımız çoxdur. Bina iki dəfə təmir olunub. Sonuncu dəfə 2015-ci ildə əsaslı şəkildə və yeni quruluşda təmir olunub. Möhtərəm Prezidentimiz və nazirimiz bu binada olublar. Bu bina öz gözəlliyi, ekspozisiyasının gözəlliyi və quruluşu ilə gələn qonaqları valeh edir. Mirəhməd xan vəfat edəndən sonra onun həyat yoldaşı Tuğra xanım bu evdə yaşaya bilmir. Ötən əsrin 20-ci ilinə qədər olan hadisələr bildiyimiz kimi Lənkəranda da olub. Həmin dövrdən 1991-ci ilə qədər Xan evi bir idarə bunası kimi istifadə olunub. Həmin dövrdə Şəhər soveti deyilən idarə bu binada fəaliyyət göstərib. 1991-ci ildən Lənkəran Şəhər Tarix Diyarşünaslıq Muzeyi bu binada yerləşir. Ekspozisiya tam olaraq muzeyə aiddir, ev isə Xan evidir!”