Heydər Əliyev ili

Heydər Əliyev Beynəlxalq Aeroportu dronlardan mühafizə olunacaq

Hava gəmisinin pilotsuz uçuş aparatı ilə toqquşmasından yaranan zərər, təsirinə görə quşla toqquşmadan daha təhlükəlidir
Sputnik
BAKI, 30 mart — Sputnik. Heydər Əliyev Beynəlxalq Aeroportunda pilotsuz uçuş aparatlarının (PUA) aerodrom ərazisi üzərində radiosiqnallarını bloklayaraq PUA-nın icazəsiz uçuşlarının qarşısını alan kompleks sistem tətbiq ediləcək.
Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) bildirilib.
Məlumata görə, pilotsuz uçuş aparatlarının aerodromlar üzərində və ya uçuş-enmə zolaqlarının yaxınlığında uçuşu reysin gecikdirilməsinə, uçuşun təxirə salınmasına səbəb ola bilər, dronlarla toqquşma və ya onların təyyarənin mühərrikinə düşməsi isə hava gəmisinin zədələnməsi ilə nəticələnə bilər.
Bu səbəbdən, hava limanı ərazisinin pilotsuz uçuş aparatlarının icazəsiz istifadəsindən mühafizə edilməsi mülki aviasiya üçün prioritet vəzifədir və AZAL-ın "Azəraeronaviqasiya" HHİ-nin (AZANS) əsas məqsədlərindən biridir.
Bununla əlaqədar, AZANS Heydər Əliyev Beynəlxalq Aeroportunun bütün hava məkanının dronların qərəzli və ya qeyri-ixtiyari istifadəsindən qorunması üzrə tədbirlər həyata keçirəcək.
Sistem, üfüqi və şaquli müstəvilərdə səmərəli qoruyucu radiusa malik olmaqla, uçuş cədvəlinə əsasən reyslərin gecikməsi riskinin qarşısını alacaq. Dron əleyhinə mühafizə sistemi rabitə operatorları şəbəkəsinin işinə və naviqasiya sisteminin siqnallarının ötürülməsinə təsir etməyəcək.
Sistemin iş prinsipi hava limanları yaxınlığında pilotsuz uçuş aparatlarının aşkar edilməsindən və onların idarə olunmasına müdaxilə etməklə uçuş yerinə qayıtmasına məcbur etməkdən ibarətdir.
Azərbaycan qanunvericiliyində pilotsuz uçuş aparatlarının idxalına və istismarına xüsusi icazənin alınmasının nəzərdə tutulmasına baxmayaraq, hava limanları yaxınlığında xüsusi təhlükə yaradan pilotsuz uçuş aparatlarının icazəsiz istifadəsi ilə bağlı hallar hələ də mövcuddur.
Hava gəmisinin pilotsuz uçuş aparatı ilə toqquşmasından yaranan zərər, təsirinə görə quşla toqquşmadan daha təhlükəlidir. Onların geniş yayılması, eləcə də dron istifadəçilərinin təlim keçməməsi mülki aviasiya üçün potensial riskdir.
Dronlarla bağlı insidentlər mütəmadi olaraq dünyanın müxtəlif hava limanlarında müşahidə olunur. 2018-ci ilin dekabr ayında dronla toqquşma təhlükəsi səbəbindən London şəhərinin "Getvik" hava limanında yüzlərlə uçuş gecikdirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.