TƏHSİL

Yeni məktəbli formaları gələn təhsil ilindən qüvvəyə minəcək

Məktəblər qərar verir ki, orada təhsil alan şagirdlər hansı rəng çalarlarında olan məktəbli formasını geyinəcək.
Sputnik
BAKI, 29 mart — Sputnik. Yeni məktəb formaları Nazirlər Kabinetinin qərarına əsasən növbəti təhsil ilindən qüvvəyə minəcək. Məktəblərdə pedaqoji şura Nazirlər Kabinetinin qərarında qeyd edilən əlavələrə müvafiq olaraq müxtəlif rəng seçimləri üzrə müvafiq seçimlərini təqdim etməlidirlər.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri AzTV-nin efirində yayımlanan "Çıxışa doğru" proqramında Təhsil Nazirliyinin Şöbə müdiri Vəfa Yaqublu deyib.
O bildirib ki, məktəb geyim formalarını sifariş vermir: "Məktəblər qərar verir ki, orada təhsil alan şagirdlər hansı rəng çalarlarında olan məktəbli formasını geyinəcək. Heç bir məktəb forma sifariş vermir. Daha sonra isə valideynlər bazardan həmin geyim formalarını əldə edirlər".
Qeyd edək ki, hər məktəb təklif edilən 4 rəng çalarlarından birini seçəcək.
Xatırladaq ki, Nazirlər Kabineti "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"ni təsdiq edib. Bu Qərar 2022/2023-cü tədris ilindən tətbiq edilir.
Hazırda istifadədə olan geyim formaları 2022/2023-cü tədris ilinin sonunadək tətbiq edilə bilər. Bu Sənəd xüsusi təyinatlı dövlət ümumi təhsil müəssisələrinin təhsilalanlarına şamil edilmir. Təhsilalanlar məktəbdə və təntənəli məktəb tədbirləri ilə bağlı məktəbdən kənarda olduqları müddətdə bu Sənədlə müəyyən edilmiş geyim formalarını geyinirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.