BAKI, 29 mart — Sputnik. Rusiya Müdafiə Nazirliyi Kiyev və Çerniqov istiqamətində hərbi əməliyyatları kəskin şəkildə azaltmaq qərarına gəlib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya Müdafiə nazirinin müavini Aleksandr Fomin bildirib.
"Bu, Ukraynanın neytrallığı və qeyri-nüvə statusu haqqında sazişin hazırlanması, eləcə də Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi ilə bağlı bugünkü danışıqlarda müzakirə olunan prinsiplər nəzərə alınmaqla praktiki fəaliyyətə keçməsi ilə əlaqədardır.
Qarşılıqlı etimadı artırmaq və gələcək danışıqlar üçün lazımi şərait yaratmaq və sazişin imzalanması ilə bağlı razılığa gəlmək məqsədilə Rusiya Müdafiə Nazirliyi tərəfindən Kiyev və Çerniqov istiqamətində hərbi fəaliyyətin kəskin azaldılması qərarı verilib", - Fomin jurnalistlərə bildirib.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbassda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.