İQTİSADİYYAT

Özü gözümüzü yandırır, qiyməti cibimizi - Soğan niyə bahalaşıb?

Ötən həftə kiloqramı 60-70 qəpiyə satılan soğan hazırda 1 manata, 1 manat 10 qəpiyə təklif edilir. İqtisadçılar bahalaşmanın səbəbləri ilə bağlı Sputnik Azərbaycan-a danışıblar
Sputnik
BAKI, 29 mart — Sputnik. Paytaxt Bakıda soğanın qiyməti kəskin bahalaşıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, ötən həftə kiloqramı 60-70 qəpiyə satılan soğan hazırda 1 manata, 1 manat 10 qəpiyə təklif edilir.
Satıcılarla söhbət zamanı deyiblər ki, hər il bu vaxtları, yəni mövsümlə əlaqədar qiymət qalxır. Anbarlarda soğan az qalıb. Aprelin sonunda və mayın əvvəllərində təzə soğan çıxacaq və bolluq yaranacaq. Satıcılar onu da əlavə ediblər ki, bu vaxtları Rusiyadan soğan gətirilirdi, amma indi gəlmir.
Qiymət artımı ilə bağlı iqtisadçı-ekspert Cəfər İbrahimli Sputnik Azərbaycan-a bildirib ki, bu, mövsümlə əlaqədardır: "Adətən bu vaxtlarda soğanın qiymətində bir az dəyişkənlik müşahidə olunur. Lakin may ayında yeni soğan çıxacaq və qiymət ciddi şəkildə ucuzlaşacaq".
Ekspert əlavə edib ki, Rusiyadan ölkəmizə soğan çox gətirilmir, azlıq təşkil edir. Azərbaycanın soğana olan tələbatını yerli istehsal hesabına ödəmək imkanları mövcuddur.
Topdansatış qiymətlər
Qeyd edək ki, bu ilin fevral ayında Ağdam sarı soğanın topdansatış qiyməti 48 qəpik olub, yanvar ayında isə 42 qəpik idi. Başqa sözlə, topdansatış qiymətində 14,3 faiz artım var. Ötən ilin fevral ayında isə sarı soğanın qiyməti 49 qəpik olub.
Fevral ayında qırmızı soğanın topdansatış qiyməti 70 qəpik olub, yanvarda isə 42 qəpik idi (66,7 faiz artım). Ötən ilin fevral ayında isə qırmızı soğanın topdansatış qiyməti 68 qəpik təşkil edib.
Soğan istehsalı artıb
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin məlumatlarına əsasən, 2021-ci ildə soğanın əkin sahəsi 2015-ci ilə nisbətən 4,1 faiz, 2020-ci ilə nisbətən isə 0,9 faiz azalaraq 11,6 min hektar olub. 2021-ci ildə soğanın əkin sahəsinin azalmasına baxmayaraq istehsal 2015-ci ilə nisbətən 1,6 dəfə, 2020-ci ilə nisbətən isə 4,2 faiz artaraq 286,4 min ton olub.
2021-ci ildə soğan istehsalının 77,1 faizi 5 rayonun payına düşüb. Əsas istehsalçı rayonlar: Ağdam, Şəmkir, Bərdə, Ağcabədi və Beyləqan olub.
İdxal və ixrac göstəriciləri
2021-ci ildə Azərbaycandan soğan ixracı 2015-ci ilə nisbətən 1,6 dəfə artıb, 2020-ci ilə nisbətən isə 19,9 faiz azalaraq 13,8 min ton olub. 2021-ci ildə ölkəyə soğan idxalı 2020-ci illə müqayisədə 8 faiz azalaraq 12,4 min tona düşüb.
Azərbaycandan soğan ixracının 42,3 faizi Gürcüstanın, 40,7 faizi Rusiyanın, 13,3 faizi isə Ukraynanın payına düşüb.
Rusiyadan ölkəmizə soğan idxalı ötən il 9,7 min ton və ya 3,8 milyon dollar təşkil edib.
Bu ilin yanvar-fevral aylarında soğan üzrə cəmi idxal 300,5 ton və ya 323,5 min dollar, Rusiyadan soğan idxalı isə 65,8 ton və ya 26,3 min dollar təşkil edib.
Xatırladaq ki, aprel ayından etibarən faraş tərəvəz məhsullarının ölkədə yığımı başlayacaq. Burada da ən birincisi soğandır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İQTİSADİYYAT
Azərbaycan toyuq ixracı ilə bağlı potensial bazarlar axtarır