BAKI, 29 mart — Sputnik. Bəzi heyvanların adı "Qırmızı Kitab"dan çıxarılacaq. Bu barədə Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) məlumatında qeyd olunub.
Maraqlıdır, hansı heyvan növlərinin sayında artım var, hansı heyvan növləri bərpa olunur, Qırmızı Kitaba adı düşəcək, yaxud bu kitabdan adı çıxarılacaq heyvanlar hansılardır?
Ümumdünya Vəhşi Təbiət Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov Sputnik Azərbaycan-a açıqlamasında deyir ki, əvvəlki illərdə heyvanların qeydiyyatının aparılması indiki şəkildə ciddi olmayıb: "Öncəki illərdəki rəqəmlər şişirdilmiş idi, düzgün aparılmırdı. Lakin indi heyvanların qeydiyyata alınması şəffaf şəkildədir. Ona görə deyə bilərəm ki, öncəki dövrdəki reallıqla müqayisədə heyvanların sayında artım var. Lakin öncəki illərin şişirdilmiş rəqəmləri ilə müqayisədə azalmalar var".
O bildirir ki, heyvanların qeydiyyata alınması üçün bu il xaricdən mütəxəssislər dəvət edilib: "Prosesə kənar baxışın olması daha yaxşıdır. Sovet İttifaqı dağıldıqdan sonra ölkədə müharibə başladı, hamının əlində silah vardı, vəziyyət gərginləşmişdi. O dövrdə bütün heyvanların sayında azalmalar var idi. Lakin 2000-ci ildən sonra artımlar müşahidə edildi".
Elşad Əsgərovun sözlərinə görə, Azərbaycanın digər əraizləri ilə müqayisədə Naxçıvanda vəziyyət daha tez müsbətə doğru dəyişməyə başlayıb: "Orada 2001-ci ildən ov qadağan olduğundan əli silahlı şəxslər həbs oluna bilər. Ona görə orada heyvanların sayı sürətlə bərpa olundu. O vaxtı 1 bəbiri güclə tapardıqsa, indi orada 10-15 bəbir var. Digər ərazilərə nəzər yetirsək, son vaxtlar son vaxtlar müxtəlif yerlərdə çoxlu qoruqların yarandığını görə bilərik. Öncələr ümumi qorunan ərazilər 400 min hektar idisə, hazırda həmin rəqəm 1 milyon hektardır. Qorunan ərazilərin sayı iki dəfədən artıq artıb. Təbii ki, vəziyyətin belə dəyişməsinin heyvanların say artımına müsbət təsiri var".
Bəbirlərin bəzi ərazilərə yayılmasına gəlincə E.Əsgərov qeyd edir ki, bu yaxınlarda azad edilən Kəlbəcərdə bəbirə rast gəlinib. Bundan başqa, Migəçevir gölünün ətrafında olan boz dağlarda bir müddət bəbir müşahidə edilib: "Bəbirlər Hirkan və Naxçıvanda Zəngəzur milli parklarında yayılıblar".
O həmçinin bəzi heyvanların nəslinin kəsildiyini deyir. Onlardan biri Köpkərdir: "Köpkərin bəzi yerlərdə, Quba-Quar dağlarında nəsli kəsilib, onu da bərpa etməyi düşünürük. Planlarımız var ki, heyvanları lokal olaraq nəsli kəsilən yerlərdə bərpa edək. Bundan başqa, Talış dağlarında maralların nəsli 1920-ci ildə kəsilib. Sonuncu maralı həmin vaxtı öldürüblər".
E.Əsgərov deyir ki, arzuolunmaz hallar, ovçuluq halları müşahidə olunsa da, ümumi olaraq belə hallar çoxluq təşkil etmir.
O bildirir ki, hazırda daha çox Dağıstan yaxud da Şərqi Qafqaz turu adlanan xüsusi növə diqqət yetirilir: "Onların sayına xüsusi fikir veririk. Bilirsiz, ötən əsrdə ceyranların sayı ciddi azalmışdı. Respublikada cəmi 200 ceyran qalmışdı. İndi Şirvan Milli Parkında 7 min ceyran var. Digər qoruqlarda ceyranlar var. Getdikcə onların sayında artım baş verir. Bir azdan ceyranlar işğaldan azad olunan ərazilərə buraxılacaq".
E.Əsgərov deyir ki, Dağıstan turunun uçotu aparılıb, onları ovlamaya görə ovlanma lisenziyası verilməyəcək.
"Qırmızı Kitab"a gəlincə, həmsöhbətimiz deyir ki, bu kitabda dəyişikliklər gözləniləndir: "Qırmızı Kitab" 1989, sonra isə 2013-cü ildə nəşr olunub. Qanuna görə "Qırmızı Kitab" hər 10 ildən bir nəşr olunmalıdır. 2023-cü ildə ola bilsin ki, "Qırmızı Kitab" yenidən çıxsın. Yeni nəşrdə Dağıstan Turu ora düşə bilər. Dağıstan turunun sayı az olmasa da, endemikdir, Qafqazdan başqa heç yerdə ona rast gəlinmir. Ona görə onu mühafizə etmək lazımdır. Dağıstan turu bizim üçün elmi əhəmiyyətinə görə vacbdir".
"Mal-qaranı yayda yaylaqlara qaldırırlar. Həmin heyvanlar özləri ilə müxtəlif xəstəliklər aparırlar. Çobanlar heyvanlara duz verirlər, onları daşın üzərinə tökürlər. Sonra dağ keçilər gəlib onu yalayırlar. Ona görə heyvanlarda müxtəlif xəstəliklər yaranır, kütləvi sürətdə haradasa tələfat olur. Dağıstanda belə tələfat müşahidə olunur, lakin hazırda biz tərəfdə belə tələfat yoxdur. Ona görə Dağıstan turunun xüsusi uçotunu aparırıq , bunun üçün xüsusi mütəxəssislər gətiririk" - Əsgərov əlavə edir.
E.Əsgərov vurğulayır ki, Dağıstan turunun sayı 6 mn 500 - 7 min civarında idi.
O bildirir ki, 1989-cu ildə məməlilərin cəmi 14, 2013-cü ildə isə 43 növü "Qırmızı Kitab"a düşüb: "Həmin illər ərzində kameralar quraşdırdıq, onları izlədik. Belə olan halda heyvanlaırn vəziyyətini daha yaxşı öyrənə bildik, kameralar vasitəsilə bəzi heyvan növlərinin sayının artdığını gördük".
Qida mənbələrinə gəldikdə isə E.Əsgərov deyir ki, Naxçıvanda qida mənbələri bərpa olunub, vəziyyət çox yaxşıdır: "Digər yerlərdə qida mənbələri yaxşı olmasa da var. Qida məbələrinin bərpası ilə bağlı işlər görürük".
Qeyd edək ki, bu heyvanların sayının uçota alınması dağlara quraşdırılan xüsusi cihazlar vasitəsilə onların böyürmə səsləri, azaq izləri və s ilə aparılır: "Məsələn, marallar cütləşən vaxtı böyürürlər. Dağda yerləşdirilən işçilərimiz bütün səsləri qeydə alırlar. Sonra düsturlara əsasən say hesablanır. Dağ keçiləri başqa cür qeydiyyata alınır. Axşamdan işçilərimiz dağların başında dururlar. Keçilər səhərə yaxın aşağı enib su içirlər. Onlar aşağıdan yuxarı qayıdanda işçilər onları sayır. Sonra düsturla onların sayı dəqiqləşir. Bundan başqa, izlərlə də sayma prosesi aparılır. Qışda, qarda kilometrə düşən izləri hesablayırıq. Marşrutlar hərəkətdə olduğu vaxtda işçilərin bir tərəfi sol, digər tərəfi sağö tərəffdəki izləri sayır, sonrandan yekun hesabamalar aparılır".
Qeyd edək ki, oxlu kirpi adlı heyvan növünün sayı çox olduğundan III nəşrdə adının siyahıdan çıxarılması planlaşdırılır.
Rəqəmlər nə deyir?
Dövlət Statistika Komitəsinin rəsmi veb saytında dərc olunan məlumatları araşdıraraq qeyd edək ki, 2000-ci ildə Azərbaycanda Dağıstan turunun sayı 1700 olubsa, son olaraq rəqəm 1500 olub.
2000-ci ildə maralların sayı qeyd olunmasa da, 2001-ci ildə maralların sayı 110, son olaraq açıqlanan rəqəmlərdə isə 100 olub. Ceyranın sayı 2000-ci ildə 260 olub, lakin son olaraq nə qədər olması DSK məlumatlarında qeyd olunmayıb. Lakin 2016-cı ildə onların sayı 250 olub. Cüyürlərin sayında artım olub. Belə ki, 2000-ci ildə 237 olan rəqəmlər son olaraq 1800 olub. Qabanların sayı 866-dan 1154-ə qalxıb, qarapaçanın sayı isə 300-dən 110-a düşüb. Bu rəqəmlərə əsasən qeyd edə bilərik ki, 2020-ci ildə Azərbaycanda ovçuluq təsərrüfatında olan dırnaqlıların sayı 4 664 olub. 2000-i ildə bu rəqəm 3 min 363 olub.
Ovçuluq təsərrüfatında olan xəzli heyvanıların sayına gəlincə, 2000-ci ildə bu rəqəm 16 665, 2020-ci ildə 41 min 205 olub. Qeyd olunan illərdə belə heyvanıların sayına nəzər yetirək:
Sincabların sayı 27-dən 1290-a, dovşanın sayı 4 min 147-dən 12 700-ə, dələnin sayı 271-dən 2 min 350-yə, tülkünün sayı 4 min 790-dan 5 min 600-ə, porsuqun sayə 613-dən 1 115-ə, çaqqalın sayı 2 min 931-dən 9 min 125-ə, yenotun sayı 519-dan 1200-ə, vəhşi pişiyin sayı 589-dan 1490-a, qunduzun sayı 1670-dən 5 min 650-yə, qonur ayının sayı 114-dən 170-ə qalxıb. Canavarın sayında azalma olub. Belə ki qeyd olunan illərdə canavarın sayı 988-dən 515-ə düşüb.
Ümumilikdə belə qərar gəlmək olar ki, bir çox növlərin sayında artım olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.