BAKI, 28 mart — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Söhbət zamanı Prezident Vladimir Zelenski dövlətimizin başçısını Ukraynadakı vəziyyət barədə məlumatlandırıb.
Prezidentlər humanitar dəhlizlərin yaradılması və sülh danışıqlarının davam etdirilməsinin vacibliyini qeyd ediblər.
Telefon danışığı əsnasında Prezident Vladimir Zelenski tibbi ləvazimatlar daxil olmaqla, Ukraynaya göstərilən humanitar yardıma görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan daim humanitar məsələlərə böyük önəm verir və xüsusi diqqətlə yanaşır.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbassda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LPR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.