BAKI, 28 mart — Sputnik. "Fərrux kəndi və ətraf yüksəkliklərin ətrafında baş verənlər, həmçinin Azərbaycan və Rusiya müdafiə nazirliklərinin məlumatlarındakı uyğunsuzluqlar postmüharibə proseslərində növbəti böhranın olduğunu göstərir". Bunu "Valday" klubunun eksperti Fərhad Məmmədov xüsusi olaraq @SputnikAz-a Qarabağda son hadisələri şərh edərkən deyib.
Ekspertin sözlərinə görə, böhranın səbəbi üçtərəfli bəyanatların reallaşdırılmasında irəliləyişin olmamasıdır:
"Belə ki, erməni silahlı qüvvələri ərazilərdən çıxarılmayıb. Ermənistan siyasi gündəmində Azərbaycana qarşı ərazi iddiaları hələ də qalır, sülhməramlıların mandatı müəyyən edilməyib, kommunikasiyalar açılmayıb, sərhəd üzrə ikitərəfli komissiya işinə başlamayıb".
Fərhad Məmmədov - politoloq
© Sputnik / Murad Orujov
Fərhad Məmmədov onu da bildirib ki, bütün sadalanan məqamlar üzrə konstruktivlik nümayiş etdirən rəsmi Bakı Yerevandan, həmçinin Moskvadan da eyni şeyi gözləyirdi:
"Lakin rəsmi Bakı bunu görmədikdə beynəlxalq hüquqa və üçtərəfli bəyanatlara uyğun olaraq birtərəfli addımlar atmağı qərarlaşdırıb. Azərbaycan və Rusiya nazirliklərinin məlumatlarındakı fərqlərə gəlincə isə bu ilk dəfə deyil".
Ekspert qeyd edib ki, Rusiya sülhməramlılarının Azərbaycanda mandatı müəyyən edilmədiyindən "RSK məsuliyyət zonası" deyilən anlayış mövcud deyil:
"Mövcud olan Azərbaycan ərazisi və orada müvəqqəti yerləşmişlər isə Rusiya sülhməramlılarıdır".
Xatırladaq ki, ötən gün Azərbaycan Respublikası Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinə cavab bəyanatı yayıb. Müvafiq sənəd nazirliyin internet səhifəsində yerləşdirilib.
Bəyanatda deyilir:
"Azərbaycan Respublikası Müdafiə Nazirliyi təəssüflə bildirir ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin 2022-ci il 27 mart tarixli açıqlamasında əks olunan məqamlar həqiqətə uyğun deyildir.
Azərbaycan Ordusunun ölkəmizin suveren ərazilərinin tərkib hissəsi olan Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib.
Azərbaycan Ordusunun bölmələrinin həmin mövqelərdən geri çəkilməsi haqqında məlumat həqiqəti əks etdirmir. Ordumuz əməliyyat şəraitinə tam nəzarət edir.
Rusiya Federasiyası Müdafiə Nazirliyinin açıqlamasında atəşkəsin guya Azərbaycan tərəfindən pozulması barədə verilmiş məlumat da həqiqətə uyğun deyil və Azərbaycan hərbçiləri arasında yaralanma halı qeydə alınmayıb.
Bir daha xatırlatmaq istərdik ki, Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.