PAYTAXT XƏBƏRLƏRİ

Dənizkənarı Milli Parkın sanitariya-mühafizə zonası təsdiqlənib

Dənizkənarı Milli Parkın sanitariya-mühafizə zonası 535,33 hektarlıq sahədə təsdiq edilib.
Sputnik
BAKI, 28 mart — Sputnik. Dənizkənarı Milli Parkın sanitariya-mühafizə zonası təsdiq edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dənizkənarı Milli Parkın sanitariya-mühafizə zonası aşağıdakı xəritədə göstərilən 535,33 hektarlıq sahədə təsdiq edilib.
Qeyd edək ki, Xəzərin sahilində, Bakı buxtasında yerləşən bulvarının ərazisində ilk tikinti işlərinə XIX əsrin əvvəllərində başlanılıb.
Sahildə aparılan işlərlə bağlı ilk addımlar 1868-ci ilədək Bakı şəhərinin memarı olmuş Qasım bəy Hacıbababəyov tərəfindən atılıb.
1860-cı ildə dəniz tərəfdən qala divarının sökülməsindən sonra şəhər memarı Qasım bəy Hacıbabəyov tərəfindən sahil zolağı nizamlanıb və o zaman Rusiya imperiyasının imperatoru olan II Aleksandrın adını daşıyan sahil küçəsi — bulvar 1865-1868-ci illərdə salınıb.
1967-ci ildə memar Mikayıl Hüseynov tərəfindən bütün dənizkənarı bulvarın yenidənqurmasının yeni layihəsi verilib. Dənizkənarı bulvarda memar Mikayıl Hüseynovun layihəsinə əsasən Azadlıq meydanı rayonunda dənizə enməklə bitən esplanada quraşdırılıb, ərazi şəlaləli fəvvarələrlə, yaşıllaşdırılmış parterlərlə bəzədilib.
1970-ci illərdə respublikada və Bakı şəhərində yaşıllaşdırma və abadlaşdırma işlərinin genişləndirilməsi nəticəsində Dənizkənarı Bulvarda da yenidənqurma işləri aparılıb. Bulvar şərq və qərb istiqamətlərində genişləndirilərək uzunluğu 3,7 kilometrə çatdırılıb.
Azərbaycan Prezidenti Heydər Əliyev 1998-ci il dekabrın 29-da bulvara Milli Park statusu verilməsi haqqında Fərman imzalanıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2001-ci il tarixli 132 nömrəli qərarına əsasən, Dənizkənarı Milli Park ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri sırasına daxil edilib.
Dənizkənarı Bulvarın təbii landşaftının bərpası, onun tarixi simasının saxlanılması, ərazinin zəngin florasının inkişaf etdirilməsi, bulvarın mühafizə olunması, burada sosial-mədəni tədbirlərin həyata keçirilməsi məsələlərinin həllini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2008-ci il yanvarın 10-da Dənizkənarı Bulvar İdarəsinin yaradılması haqqında Fərman imzalayıb. Bu Fərmandan sonra Dənizkənarı Milli Parkın əsaslı şəkildə abadlaşdırılmasına başlanılıb. Görülən abadlıq işləri sayəsində parkın yaşıllıq zolağı xeyli genişləndirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.