BAKI, 28 mart — Sputnik. Fransa və Almaniya liderləri Baydenin Putinlə bağlı sərt ifadələrindən uzaq dayanırlar. Polşanın keçmiş xarici işlər naziri Yacek Çaputoviçin sözlərinə görə, ABŞ prezidenti Co Bayden Varşavadakı çıxışında yeni soyuq müharibə elan edib.
Bayden nə dedi?
Avropa turunu yekunlaşdıran Bayden şənbə günü Polşanın paytaxtında Ukraynadakı vəziyyətə həsr olunmuş uzun nitq söyləyib.
ABŞ prezidentinin çıxışında Moskvanın bu ölkədə keçirdiyi xüsusi hərbi əməliyyatla bağlı Rusiya Federasiyasına və onun rəhbərliyinə qarşı çoxsaylı ittihamlar yer alıb.
Çıxışın sonunda Bayden bildirib ki, Ukraynada "heç vaxt Rusiyanın qələbəsi olmayacaq" və Rusiya lideri "hakimiyyətdə qala bilməz".
Daha sonra Ağ Ev izah edib ki, Baydenin niyyəti Rusiya Federasiyasında hakimiyyət dəyişikliyi demək deyil. ABŞ mediası xəbər verir ki, çıxışın yekun variantında bu tezis yer almayıb. Nitq üzərində "saatlarla işləyən" ABŞ prezidentinin köməkçiləri Baydenin improvizasiyasına təəccübləniblər.
Baydenin sözləri Çörçillə müqayisədə
"Prezident Baydenin səfərinin qlobal və tarixi ölçüləri var idi. Kral qəsrinin həyətindəki nitq tarixdə yeni səhifə açmaq üçün nəzərdə tutulmuşdu. Bu çıxışında ABŞ prezidenti yeni soyuq müharibə elan etdi", - Polşanın keçmiş xarici işlər naziri bildirib "Rzeczpospolita" nəşrinə müsahibəsində deyib.
Keçmiş nazirin sözlərinə görə, Baydenin Varşava çıxışını "1946-cı ildə Uinston Çörçillin "Dəmir Pərdə" haqqında danışdığı çıxışı ilə müqayisə etmək olar". O hesab edir ki, ABŞ prezidentinin çıxışı "reallıq dərkini dəyişən məna ehtiva edir".
Baydenin sözlərinə dünyanın reaksiyası
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Baydenin sözlərini şərh edərkən qeyd edib ki, Rusiya Federasiyasında kimin hakimiyyətdə olacağı ilə bağlı qərar vermək Baydenin işi deyil, ölkə prezidentini Rusiya xalqı seçir.
Almaniya kansleri Olaf Şolz ABŞ prezidenti Co Baydenin Varşavada çıxışını şərh edərkən deyib ki, NATO-nun Rusiyada hakimiyyəti dəyişmək məqsədi yoxdur.
"Bu, bizim məqsədimiz deyil. Biz yekdilliklə qəbul edirik ki, Rusiyada rejim dəyişikliyi gündəmdə deyil və bizim apardığımız siyasətin məqsədini təmsil etmir", - Şolz ARD telekanalına müsahibəsində deyib.
Respublikaçı senator Cim Riş deyib ki, ABŞ prezidenti Co Bayden Rusiya Federasiyasının rəhbərliyində dəyişiklik barədə danışmamalı idi: "Düşünürəm ki, beynəlxalq münasibətlərdən uzaq olan insanların çoxu onun dediyi doqquz kəlmənin belə partlayışa səbəb olacağını dərk etmir. Siz siyasi hakimiyyətin dəyişdirilməsini tələb edirsinizsə, bu, çox böyük problemlərə səbəb olacaq".
O, hesab edir ki, Bayden bu bəyanatın bir hissəsində yazılı çıxışdan kənara çıxıb: "Cənab prezident, lütfən, ssenariyə sadiq qalın".
Avropa diplomatları isə bildiriblər ki, Baydenin şərhləri Qərbin Moskva ilə əlaqə kanallarını açıq saxlamaq səylərini təhlükə altına qoya bilər. Bununla bağlı Avropa İttifaqının yüksək rütbəli nümayəndələrindən biri bildirib ki, yaxın günlərdə və ya həftələrdə Ukraynadakı münaqişənin diplomatik yolla həllini gözləmək olmaz.
Fransa prezidenti Emmanuel Makron, "Guardian"a deyib ki, onsuz da mövcud qeyri-sabit vəziyyətdə bu cür "qıcıqlandırıcı ifadələrə" qarşıdır. Qəzet yazırr ki, Bayden öz bəyanatı ilə "Ukraynanın müdafiəsi uğrunda müharibəni Amerika aqressiyası ilə riskə altında qoyur".
"Washington Post"un yazdığına görə, Rusiya ilə ABŞ arasında gərginlik Baydenin sözlərinə görə "iflasa daha yaxındır". Qəzetin yazdığına görə, Baydenin bu sözləri Rusiya liderinin ABŞ-ın onu hakimiyyətdən uzaqlaşdırmaq istəməsinə çoxdankı inamını təsdiq edəcək.
Analitiklərin nəşrə verdiyi məlumata görə, Rusiyanın cavabı, nə olursa olsun, bu cavab diplomatik müstəvidə veriləcək. Qəzet qeyd edir ki, Moskva cavab tədbiri olaraq qalan ABŞ diplomatlarını "qovmaq" qərarına gəlsə, bu addım diplomatiyada hətta "soyuq müharibənin ən pis anları"nda da qaçınılan ən aşağı nöqtə olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.