CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bölgələrdəki restoranlarda niyə menyu təqdim olunmur - Turisti küsdürən səbəb

Əvvəllər ərəblər Azərbaycana turist kimi gəldikdə belə hallara rast gəlinirdi. Onların əcnəbi olmasından istifadə edib restoranlarda daha böyük məbləğ tələb edilirdi
Sputnik
BAKI, 27 mart — Sputnik. Ölkədə son illər turizm sahəsində xidmət keyfiyyəti artsa da, bölgələrdə hələdə retoran və kafelərdə müştərilərə menyu təqdim olunmur. Turizmin inkişaf etdiyi bölgələrdə fəaliyyət göstərən kafe və restoranlarda yeməyin çeşidi və dəyəri barədə müştərilərə şifahi məlumat verilir. Bu isə turizm sahəsində xidmət keyfiyyətində müştəri məmnuniyyətinə mənfi təsir göstərir.
Menyunun olmaması turisti narazı salır
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, restoranlarda müştərilərə mütləq şəkildə menyu təqdim edilməlidir. Həmsöhbətimiz bildirib ki, paytaxtda bu tələbə əməl edilsə də, əksər bölgələrdə hələ də bu problem qalmaqdadır:
"Müştəriyə yemək çeşidləri və qiymətləri əvvəlcədən təqdim edilməlidir. Restorana üz tutan müştəri sifariş verdiyi yeməyə görə nə qədər vəsait ödəyəcəyini öncədən bilməlidir. Ona görə də, bütün restoranlarda menyular olmalıdır. Menyu təqdim olunmadığı halda restoranda yeməyin qiymətinin müştəriyə görə dəyişməsi halları mümkündür. Əvvəllər ərəblər Azərbaycana turist kimi gəldikdə belə hallara rast gəlinirdi. Onların əcnəbi olmasından istifadə edib restoranlarda daha böyük məbləğ tələb edilirdi. Bu qəti yolverilməzdir. Turistlər ölkədə göstərilən xidmətlərdən narazı qalsalar bu ölkəyə turist axınına təsir göstərir".
Menyu təqdim etməyən sahibkarı hansı cəza gözləyir?
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətindən bildirildi ki, ictimai iaşə müəssisələrində müştərilərə təqdim olunan məhsullar və göstərilən xidmətlər barədə dolğun və düzgün məlumat verilməsi məqsədilə obyektdə menyu və çeşid siyahısı olmalıdır. Menyu qanunvericiliyin tələblərinə uyğun tərtib edilməlidir.
Bu tələblərə əsasən menyuda hər bir xörəyin tərkibi (əsas inqrediyentlər və çəkisi göstərilməklə), miqdarı və qiyməti göstərilməlidir. Əgər ictimai iaşə obyektində menyu olmazsa, yaxud qanunvericiliyin tələbinə uyğun şəkildə tərtib edilməzsə, sahibkarlar məsuliyyətə cəlb oluna bilərlər. İstehlakçılarla hesablaşmalar zamanı nəzarət-kassa aparatının çeki ilə yanaşı, göstərilmiş ictimai iaşə xidmətinin dəyərini, yəni çekdəki məbləği təsdiq edən və xidmətin tərkibinə daxil olan yemək və məhsulların adları göstərilmiş hesab təqdim edilməlidir: "Restoran, bar, kulinariya mağazası və bu kimi digər ictimai iaşə obyektlərində menyunun hansı tələblərə cavab verməsinə dair bir sıra qaydalar var.
Belə ki, ictimai iaşə müəssisələrində təklif olunan xidmətlərin siyahısı və icra şərtləri, xidmətlərin qiymətləri, ödəniş şərtləri, təklif olunan iaşə məhsullarının firma adı və tərkibi göstərilməlidir. Təklif olunan xörəklərin, alkoqollu və sərinləşdirici içkilərin pay həcmləri və qiymətləri barədə məlumatlar xidmət göstərməzdən əvvəl mülkiyyətçi və ya obyektin rəhbəri tərəfindən təsdiq edilmiş menyu, çeşid siyahısı və yaxud digər üsullarla istehlakçıya çatdırılmalıdır. Hazırlanan menyu və çeşid siyahısı hər bir yemək və məhsul üzrə tərtib edilmiş kalkulyasiya vərəqlərinə əsaslanmalıdır".
Mymenu.az layihəsi nə yerdə qaldı?
Dövlət Turizm Agentliyindən isə bildirdilər ki, bir müddət əvvəl Agentliyin təşkilatçılığı ilə regionlarda yerləşən ictimai iaşə obyektlərinin xidmət keyfiyyətini artırmaq, restoran işinin təşkili ilə yanaşı, müştəri xidmətlərinin düzgün qurulmasını təmin etmək və iaşə obyektlərini standartlara uyğun menyularla təchiz etmək məqsədilə "Mymenu.az" adlı layihəyə start verilib.
Layihə çərçivəsində hazırlanmış "Mymenu.az" onlayn platforması iaşə obyektləri və onlar tərəfindən göstərilən xidmətlər haqqında ətraflı məlumatlar təqdim etməklə yanaşı, turistlərə düzgün məlumatların verilməsi, restoran və digər iaşə obyektlərinin xidmət keyfiyyətlərinin artırılmasına xidmət edir. Layihənin əsas istiqamətləri regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində təqdim olunan menyuların standartlara uyğunlaşdırılaraq bir neçə dildə tərtibatı və daha əlçatan olması üçün QR texnologiyasına əlavə edilməsi, ictimai iaşə obyektlərinə menyu tərtibatı və xidmətlər təşkili üzrə təlimlərin təşkilindən ibarətdir. İlkin mərhələdə layihənin şimal, şimal-qərb, cənub və qərb marşrutları üzrə həyata keçirilməsi planlaşdırılır.
"Mymenu.az" layihəsi paytaxt, eləcə də regionlarda fəaliyyət göstərən iaşə obyektləri haqqında məlumatların onlayn platforma vasitəsilə əldə edilməsinə, ikili menyu hallarının azaldılmasına və xarici turistlərin regionlara səfərlərinin asanlaşdırılması məqsədilə fərqli dillərdə menyuların hazırlanmasına xidmət edəcək. Qeyd edək ki, layihədə iştirak etmək istəyən hər bir ictimai iaşə obyektinin (restoran, kofeşop və çay evləri, bar və pub, əyləncə mərkəzləri və klublar, hamam-spa, idman-oyun mərkəzləri və s.) sahibkarları və ya menecerləri "Mymenu.az" platformasında qeydiyyatdan keçərək şəxsi kabinet yarada, öz iaşə obyektləri haqqında ətraflı məlumatlar dərc edə, ödənişsiz olaraq hazır şablonlar üzərində rahatlıqla menyular hazırlaya və QR kod yarada bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana hansı ölkədən nə qədər turist gəlib?