CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uşaqları narkotik bəlasından necə qoruyaq?

Psixoloqun sözlərinə görə, yeniyetmə üçün siqaret, narkotik, pivə arasında fərq yoxdur, bu onlar üçün böyüklüyün rəmzidir.
Sputnik
BAKI, 25 mart — Sputnik. Azərbaycanda narkotik istifadəçilərin sayı artıb. Onlar arasında yeniyetmələr də var.
Bəzi validyenləridüşündürən sual budur: uşaqlara narkotik haqda ilk dəfə necə və nə zaman məlumat verməliyik?
Psixoloq Azad İsazadə Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb, bildirib ki, bəzən bizə elə gəlir ki, uşaqların narkotiklə bağlı heç bir məlumatı yoxdur: "Onlar narkotiklə bağlı məlumatı dostlarından, yaşıdlarından, kinolardan hansısa formada alırlar. Ola bilər ki, uşaq valideynləri ilə birgə baxdığı kinonun sujetini başa düşməsin, amma o sözü orda eşidir, kadrları görür. Belə olan halda uşaqlarda hətta narkotik haqda "müsbət" məlumatlarının olması istisna edilən deyil".
Psixoloq deyir ki, narkotikin zərərləri haqda zamanında düzgün məlumatı almaq üçün uşaqlarla açıq danışmalıyıq: "Məktəb yaşından, bəlkə bir qədər tez, 5 yaşında ona narkotik haqda məlumat verməliyik. Beynəlxalq təcrübədə hətta ağır vəziyyətdə olan narkomanların videolarını uşaqlara göstərirlər. Təbii ki, bu zaman uşağın yaşı nəzərə alınmalıdır".
Ümumiyyətlə, bu zərərli, zəhərli vərdişə necə, nə üçün maraq yaranır?
Psixoloq qeyd edir ki, uşaqda narkotikə maraq məlumat azlığından yaranır: "Uşağa ilkin olaraq kim narkotik haqda məlumat versə, onun yaddaşında həmin məlumat qalır. Yəni, öncə həyətdə, ətrafdan kimdənsə narkotik haqda məlumat alsa, sonra valideyndən alsa, fərq etmir, uşaq ilk olaraq aldığı birinci məlumata inanır. Yox əksinə, birinci məlumatı valideynindən alsa, bu zaman onda narkotikə qarşı lazımi məlumatlar formlaşacaq".
Narkotikə marağın səbəbi siqaret, alkaqola maraqla eynidir, psixoloq bildirir ki, böyüklük hissi bəzən uşaqları bu çarəsiz yola çəkir: "Uşaqlar üçün böyüklüyün rəmzi siqaret çəkmək, alkaqol qəbul etmək, əks cins nümayəndəsinə fikir verməkdir. Yeniyetmə üçün siqaret, narkotik, pivə arasında fərq yoxdur, bu onlar üçün böyüklüyün rəmzidir. Yeniyetmələr ciblərində bıçaq gəzdirməklə özlərini böyük göstərməyə çalışırlar. Həmçinin fit çalmaq. yerə tüpürmək, söyüş söymək uşaqlar üçün böyüklük rəmzidir.
Rəqəmlərə nəzər yetirək:
Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov bildirib ki, əvvəlki illərlə müqayisədə narkotik istifadəçilərin sayının artması tendensiyası müşahidə olunur: "Belə ki, 2019-cu ildə qeydiyyatda olan narkotik istifadəçilərinin ümumi sayı 32 min 921 nəfər idisə, 2020-ci ildə 33 min 788, ötən il isə bu göstərici 34 min 602 nəfər təşkil edib".
Azərbaycanda narkomaniya xəstəliyinə düçar olmuş qadınların və yeniyetmələrin sayı kişilərə nisbətən dəfələrlə azdır: "Statistikaya nəzər salsaq görərik ki, 2019-cu ildə 641 qadın və 9 yeniyetmə, 2020-ci ildə müvafiq olaraq 618 qadın və 9 yeniyetmə, 2021-ci ildə isə 566 qadın və 14 yeniyetmə qeydiyyata alınıb. Report-un bildirdiyinə görə, ötən il 4789 nəfər, o cümlədən 4530 nəfər dispanser, 259 nəfər isə profilaktik qeydiyyatdan çıxarılıb".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
CƏMİYYƏT
Narkomaniya ilə bağlı sərtləşmələr formal olacaq?