BAKI, 26 mart — Sputnik. Modelyer-dizayner Könül Vəlibəyli illərdir yorulmadan milli geyimlərimizi dünyada, eləcə də ölkəmizdə təbliğ edir. O eyni zamanda, yeni nümunələrini yaradaraq artıq bu sahəni kütləviləşdirməyi də bacarıb. 14 ildir ki, fəaliyyət göstərən Bakı Milli Geyim Evinin direktoru ilə elə onun məkanında həmsöhbət olduq. Modelyer-dizayner Könül Vəlibəyli Sputnik Azərbaycan-a verdiyi müsahibəsində bildirir ki, bu işə başlayanda onu çoxları qınayıb. Amma o, usanmadan işinə davam edib:
"Həmişə düşünürdüm ki, milli geyimlərə münasibət dəyişməlidir. Bunun üçün bu geyimləri ölkəmizdə öz sözünü demiş qadınlara, deputatlara, həkimlərə, hüquqşünaslara geyindirək. Düşünürdüm ki, cəmiyyətdə müəyyən mövqeyə sahib olan qadınlar o geyimləri geyinsələr, cəmiyyətdə geyimə münasibət dəyişər, gənc xanımlarımız özəl günlərində milli geyimlərə müraciət edərlər".
Müsahibimiz bildirir ki, sovet dövründə ancaq filmlərdə və rəqs ansanbıllarında milli geyimlərdən istifadə olunurdu. O dönəmlərdə Novruz bayramı indiki kimi geniş qeyd olunmurdu. Könül xanım yeni başlayanda milli geyimlərin təbliği ilə bağlı dizaynerlə, modelyerlərlə görüşsə də, həmkarları onu bu fikirindən aşındırmağa çalışıblar: "Dedilər ki, bu sahə gəlirli sahə deyil, ona görə də bizdə milli geyim çox azdır. Mənim isə 30-40 nəfər qadına milli geyim geyindirəcəkdim. Bəziləri mənə elə qiymətlər dedilər ki, o geyim bizim "Sara xatun" jurnalının çapından baha çıxırdı. O dövrdə bir çox dövlət qurumuna da müraciət etdim, bir nəticə əldə edə bilmədim".
Rusiya, Türkiyə, Amerika, Cənubi Koreya, ərəb ölkələri, Çin, Fransa, Özbəkistan və sair ölkələrdə defile və sərgilər keçirən həmsöhbətimiz deyir ki, bu işə sevgisi uşaqlıqdan olub. Uşaqlıqdan özünə geyim tikdirib. Modelyer əlavə edir ki, ölkənin ən məşhur modelyerləri sonradan ona dəstək olub:
"Hər dəfə dəfilələrimizə təşrif buyurdular. Biz 15 il bu ağır yükü daşıdıq. Burada qazanc yoxdur, gəlir əldə edə bilmirik. Düşünün, ilin cəmi bir ayı gündəmdə oluruq, qalan ayları yada düşmürük. Fikirləşdim ki, bunun fərqli yollarını axtarmalıyıq. Mən Mədəniyyət və İncəsənət Universitetində də dərs deyəndə görürdüm ki, tələbələrin bu sənətə marağı yoxdur. Mən onlara tapşırıq verəndə deyirdilər ki, "kimə lazımdır axı?" Mən onlara başa saldım ki, qədim tarixi olan İtaliya, Fransa, Rusiya, Türkiyə, Çin, Koreya kimi ölkələrindəki universitetlərdə öncə öz milli geyimlərini hazırladır. Biz öz milli naxışlarımızla, kəsimlərimizlə elə dəst-xəttimizi yarada bilərik ki, dünyada tanınmış olarıq".
Modelyer deyir ki, bir zamanlar ağız büzən tələbələr sonralar xarici ölkələrdə öz kolleksiyalarını nümayiş etdirdilər. Xaricdə yaşayan, təhsil alan insanlar bəzən sifariş verirlər: "Bəzisi İrəvan geyimi, bəzisi Naxçıvan geyimi, bəzisi Qarabağ geyimi istəyirlər. Onlar bunu araşdırıb, mənə təkliflə gəlirlər. Bu, çox gözəldir. Mən bu gün digər sahədən qazandığım gəliri də bu sahəyə yatıram. Hərdən mənə deyirlər "yorulmadın?", "gəlir gətirməyən işə niyə bu qədər əziyyət çəkirsən?". Onlara deyirəm ki, məgər sizin övladınız yaxşı oxumayanda, uğur əldə etməyəndə onu övladlıqdan rədd edirsiniz? Bir gün onun uğur qazanacağına inandığınız kimi, mən də inanıram ki, bu sahədən bir gün mən də görmək istədiyim zirvəni görəcəyəm".
Könül xanım deyir ki, onlar həmişə parça tapmaqda çətinlik çəkib. Pandemiya dövründə isə əziyyətləri birə min artdı: "Həmişə əməkdaşlıq etdiyimiz parça dükanları bizə malı karqo vasitəsi ilə göndərdilər. Amma gedib yeni parçaların axtarışında ola bilmədim. Ümid edirəm ki, bu çətinliklər get-gedə aradan qalxar. Mən hər il 50-70 geyim hazırlamasam, elə bilərəm bu geyim evi fəaliyyətini dayandırıb. Bakı Milli Geyim Evi olaraq, həm də bildiklərimizi öyrətmək, bu sahədə yeni mütəxəssislər yetişdirmək əzmindəyik. Bu dövrdə moda, geyim, dizayn, kəsim-biçim üzrə onlayn dərslər verməyə başladıq".
Müsahibimiz bildirir ki, Geyim Evində ən çox hazırlanan nümunələrdən biri də Qarabağ geyimləridir: "Biz illər boyunca hər zaman Qarabağ geyimlərini hazırlamış, dünyada təbliğ etmişik. Sanki uzun illərdir məhz bu gün üçün hazırlaşırdıq. Şükürlər olsun ki, 44 günlük müharibənin nəticəsi kimi bu gün Qarabağımız, Şuşamız azaddır. Bu qələbədən sonra da boş dayanmadıq, qollarımızı çırmayıb yeni kolleksiya hazırlamağa başladıq. İndi kolleksiyamızda bir-birindən gözəl Qarabağ, Şuşa geyimlərimiz var. Həmçinin, Qarabağın 13 bölgəsinin xalça naxışlarını araqçın üzərində işlədik. Əməkdaşlarımız evdən belə çalışaraq bu kolleksiyamızı tamamladılar. Nəticə olaraq deyim ki, mən pandemiyanı yenilənmə dönəmi kimi qəbul etdim. Bu dönəmdə daha gözəl ideyalar, fərqli layihələr, yeni kolleksiyalar ortaya qoydum".
Müsahibimiz qeyd edir ki, yaxşı olardı ki, öz ölkəmizdə də parça istehsal olunsun: "Milli geyimləri adi, sıradan bir parça ilə hazırlamaq olmaz. Tarixi parçalar olmaqla yanaşı, həm də dözümlü olmalıdır. Çünki, bir geyimi bəlkə də 10 adam geyinir. Hər geyimdən də yalnız bir dənə hazırlanır. Mənim 14 il əvvəl tikdiyim geyimlərə baxsanız elə bilərsiniz ki, bu dəqiqə tikilib. Çünki, mən parçanın qiymətinə deyil, gözəlliyinə, keyfiyyətinə önəm verirəm. Milli geyimə ən azı 15 metr parça istifadə olunur".
Könül xanım bildirir ki, onun əsas missiyası milli geyimlərin təbliği, gələcək nəsillərə ötürməkdir: "Musiqçilərimiz gəlib bizdən götürürlər. Alim Qasımov, Fərqanə Qasımova, Natiq Şirinov və digər muğam ustalarımız bizim geyimlərimizə müraciət edirlər. Mən onlara geyimi təmənnasız verirəm. Çünki, onlar bu geyimlə bərabər həm də muğamımızı yaşadırlar. Mən heç bir şou-biznes əhlinə öz geyimimi vermirəm. Mən ancaq sənətkarlara geyim verirəm".
Müsahibimiz bildirir ki, məşhurlar və qeyir-məşhurlar buranı dövlət qurumu kimi tanıyırlar. Elə bilirlər ki, bura dövlət tərəfindən maliyyələşdirilir: "İmkanlı insanlar belə, demirlər ki, "götür bu 5 manatı, heç olmasa təmizlət". Hansı ki, o varlılar gedib brend mağazalarda bahalı geyimlərə milyonlar xərcləyirlər. Muğam ustadlarına, sənət adamlarına özüm təqdim edirəm, çünki, onlar bunu yaşadır. Amma digər insanlar da milli geyimi pulsuz əldə etəmək istəyirlər".
Könül xanım bildirir ki, tarixi filmlər çəkiləndə yerli dizaynerlərdən istifadə etmək lazımdır: "Mən dəfələrlə rejissorlarımıza təklif etdim ki, sizdən pul istəmirəm, gəlin bir tarixi film çəkin, mən sizə milli geyimlərimizi pulsuz verirəm. Razı olmadılar. Film çəkəndə gedib kinostudiyada sovet dövründən qalmış, bərbad geyimlərə üstünlük verirlər. Rəqs ansanbıllarında istifadəyə yararsız geyimlərdən istifadə edirlər. Onlar da elə vəziyyətdə olur ki, o geyimi heç kəs geyinmək istəmir. Bəlkə də gözəl bir tarixi film çəkilsə, orada nimdaş yox, gözəl geyimlərimiz nümayiş olunsa, hər kəsdə buna maraq oyanar".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.