CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mingəçevir sakini: “İstənilən vəhşi iti ram edə bilirəm”

Mingəçevirdə yaşayan Pənah Xəlilov 20 ilə yaxındır itlərin təlimi ilə məşğuldur. Kiçik yaşlarından Rusiyada öyrəndiyi işi indi “Nur şəhəri”ndə davam etdirir.
Sputnik
BAKI, 25 mart — Sputnik. Onların vəfalısı, həm vəhşisi var. Həm bahalısı, həm ucuzu, sahiblisi,sahibsizi var. Küçədə, qəfəsdə, parkda əksər yerlərdə müxtəlif növ itlər görmək mümkündür. Onlar arasında sahibsiz olub təhlükə yaradanları da, sahibli olub qiymətli olanları da var. Vəhşi canlıları ram edib, onları əhilləşdirmək isə o qədər də asan deyil. Sputnik Azərbaycan xəbər verir ki, Mingəçevirdə yaşayan Pənah Xəlilov 20 ilə yaxındır itlərin təlimi ilə məşğuldur. Kiçik yaşlarından Rusiyada öyrəndiyi işi indi “Nur şəhəri”ndə davam etdirir. Şəhər sakini Almaniya, İngiltərə və digər ölkələrə məxsus cinsləri həm bəsləyir, həm də onların təlimi ilə məşğul olur. Kinoloq Pənah Xəlilov Sputnik Azərbaycan-ın müxbiri il söhbətində bəslədiyi itlər haqqında danışıb:
Kiçik həyətdə 35 it bəsləyən Pənah Xəlilov
“Heyvanlara kiçik yaşlarımdan həvəsim böyük idi. Uşaq olarkən vəhşi itlərdən qorxmurdum, üzərlərinə gedib onlara sığal çəkib tumarlayırdım. Həmyaşıdlarım deyirdi: “səni parçalayacaq yaxın getmə”. Amma mən heç vaxt həmin heyvanlarla sərt davranmırdım. Təxminən 10 yaşım olanda Rusiyaya getdim, orada itlərin bəsləndiyi yerlərdə oldum. Bir neçə il onlara qulluq etdim. Böydükcə heyvanları necə ram etməyi təlimçilərdən öyrəndim. İt hürür, qorxutmağa, təhlükədən çıxmağa çalışır. O zaman itdən qorxub geri çəkildinsə onu ram etmək mümkün olmur. Hazırda alman çoban itlərinə, ovçarkalara maraq böyükdür. Həmin itlər iki növə ayrılır, xidməti və şou. Şou odur ki, gözəlliyi üçün çıxarılır sərgiyə, gözəllik müsabiqəsinə iştirak edir. Xidməti odur ki, uçqun olanda, mina axtarışında həmin itlərdən istifadə olunur. Mənim həyətimdə də itlərin çoxu alman növləridir. Hər birinin öz adı var. “Rinq”,”Parter” “Çarli, “Merri”, ”Tina”.”
Kiçik həyətdə 35 it bəsləyən Pənah Xəlilov
Mingəçevirdə kiçik həyətdə yaşayan Pənah Xəlilova itlərin yemlənməsi, təlimi zamanı ailə üzvləri də kömək edir. Kiçik heyvanlara müxtəlif yemlər verilir, böyük itlər isə isti yeməklərə bəslənir. Şəhər sakini artıq bir neçə bölgədə sahibsiz heyvanlar üçün sığnacaqlar inşa edildiyini, Mingəçevirdə də ona ehtiyac olduğunu Sputnik Azərbaycan-ın əməkdaşı ilə söhbəti zamanı bildirib:
Kiçik həyətdə 35 it bəsləyən Pənah Xəlilov
“Hazırda şəhərin əksər yerlərində sahibsiz itlərə rast gəlirik. Həmin canlıları bəzən maşın vurur, xəstəlik tuturlar və ya qəsdən silahdan atəş açıb məhv edirlər. Mənim heyvansevər olduğumu bilənlər küçədə yaralı heyvan görən zaman xəbər edirlər. Gedirəm bacardığım qədər tibbi yardım edirəm. Amma həyətim, evim kiçik olduğu üçün onları bura gətirə bilmirəm. Sığınacaq olsa bu həm sahibsiz heyvanların normal yaşamasına, həm də kinoloqların rahat işləməsinə şərait yaradar. Mingəçevir böyük şəhərdir, burada sığnacağın tikilməsi vacibdir”.
Kiçik həyətdə 35 it bəsləyən Pənah Xəlilov
İtlərin təlimi ilə yanaşı Mingəçevir sakini onların satışını da edir. Pənah Xəlilov ən çox alman cins itlərinə maraq göstərildiyini deyir: “Satış olur, şükür. 300 manata, 500 manata sata bilirik. Amma onu da deyim ki, bizdən zoomağazalar alır 500 manata, satır 1500-2000 manata”.
Qeyd edək ki, Mingəçevir sakini Pənah Xəlilov həyətində hazırda 35 baş it saxlayır. Onların arasında alman cinsləri üstünlük təşkil edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
PAYTAXT XƏBƏRLƏRİ
Küçəyə atılan it Nurxanın həyatını necə dəyişdi - Video - Foto