CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Evlərə "kupça"ların verilməsi artıb

Cari ilin fevral ayı ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 6727-si Bakı şəhərinin, qalanları isə bölgələrin payına düşür
Sputnik
BAKI, 25 mart — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlakın qeydiyyatı ilə bağlı göstərilən xidmətlərdə operativliyə, şəffaflığa, vətəndaş məmnunluğuna xüsusi önəm verir. Bu sahədə tətbiq edilən yeniliklər, prosedurların sadələşdirilməsi daşınmaz əmlakın qeydiyyatının daha da aktivləşməsinə imkan verib. Belə ki, fevral ayı ərzində 26.194 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin fevral ayı ilə müqayisədə 8,1% çoxdur.
Bu barədə nazirlikdən Sputnik Azərbaycan-a məlumat verilib.
Aylıq göstəricinin 7.587-i (17.02%-i) ilkin, 18.607-i (82.98%-i) isə təkrar qeydiyyatın payına düşüb.
Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 3.718-i fərdi yaşayış və bağ evi, 6.293-ü mənzil, 15.302-si torpaq sahəsi, 269-u qeyri-yaşayış binası, 534-ü qeyri-yaşayış sahəsi, 71-i əmlak kompleksi, 7-si isə çoxmərtəbəli yaşayış binasıdır. Qeyd edək ki, cari ilin fevral ayı ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 6.727-si Bakı şəhərinin, qalanları isə bölgələrin payına düşür.
Daşınmaz əmlakın ilkin qeydiyyatı
Ötən ay ərzində 1.302 fərdi yaşayış və bağ evi ilkin dövlət qeydiyyatına alınıb. 2021-ci ilin eyni dövrü ilə müqayisədə ilkin qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı 5,1% artıb. Analoji hal torpaq sahələrinin ilkin qeydiyyatında da müşahidə edilib. Belə ki, keçən ilin eyni dövrü ilə müqayisədə torpaq sahələrinin ilkin qeydiyyatı 3,6 dəfə artaraq 4.612 olub.
Cari ilin fevral ayı ərzindəki texniki pasportun və ipoteka müqaviləsinin sayı
Fevral ayı ərzində 20.948 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 7,8% artım deməkdir. 2022-ci ilin fevral ayında qeydiyyata alınan ipoteka müqaviləsinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 32,6% artaraq 4.723 olub.
Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı nədir?
"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
Daşınmaz əmlakın dövlət reyestrində hansı hüquqlar qeydiyyata alınır?
Daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət və digər əşya hüquqları, o cümlədən servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, lizinq, tikintiyə vərəsəlik hüququ və s. hüquqlar qeydə alınır.
Daşınmaz əmlak üzərində hüquqlar neçə gün müddətinə dövlət qeydiyyatına alınır?
"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsinə uyğun olaraq ərizənin təqdim edildiyi gündən 10 iş günü müddətində daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınır. Eyni zamanda həmin maddədə göstərilir ki, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar daşınmaz əmlak üzərində hüquqların qeydiyyat müddəti qeydiyyat orqanı tərəfindən 5 iş gününədək uzadıla bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
CƏMİYYƏT
Dövlət sənədsiz yaşayış evlərinə nə vaxt sənəd verəcək?