BAKI, 24 mart — Sputnik. 2022-ci ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasına dünyanın 138 ölkəsindən 150,4 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Bu barədə Dövlət Statsitika Komitəsindən (DSK) Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.
Rəsmi məlumata görə, gələnlərin 33,1 faizi Rusiya Federasiyası, 24,3 faizi Türkiyə, 13,1 faizi İran, 5,8 faizi Gürcüstan, 3,4 faizi Səudiyyə Ərəbistanı, 2,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,1 faizi Ukrayna, 1,9 faizi Küveyt, 1,2 faizi Böyük Britaniya, 1,1 faizi Qazaxıstan, hər birindən 0,9 faiz olmaqla Hindistan və Oman, hər birindən 0,7 faiz olmaqla Almaniya və Pakistan, 0,6 faizi ABŞ, hər birindən 0,5 faiz olmaqla Belarus və İsrail, 6,6 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 81,0 faizini kişilər, 19,0 faizini qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Omandan gələnlərin sayı 658,0 dəfə, Səudiyyə Ərəbistanından - 460,7 dəfə, Küveytdən - 200,6 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 54,2 dəfə, Bəhreyndən - 36,3 dəfə, İsraildən - 11,0 dəfə, Pakistandan - 9,7 dəfə, Hindistandan - 9,2 dəfə, ABŞ-dan - 4,3 dəfə, Fransadan - 3,5 dəfə, Qazaxıstandan - 3,1 dəfə, Rusiya Federasiyasından - 2,1 dəfə, Böyük Britaniyadan - 2,0 dəfə, Ukraynadan - 1,8 dəfə, İrandan -1,8 dəfə, Türkiyədən - 1,8 dəfə, Gürcüstandan - 1,2 dəfə artıb.
2021-ci ilin yanvar-fevral ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 3,1 dəfə artaraq 33,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 2,0 dəfə artaraq 56,7 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,3 dəfə artaraq 6,5 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 43,3 faizi dəmir yolu və avtomobil, 54,8 faizi hava, 1,9 faizi isə dəniz nəqliyyatından istifadə edib.
2021-ci ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 3,0 dəfə artaraq 184,2 min nəfər olmuşdur. Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 4,3 dəfə, İrana gedənlərin sayı 4,3 dəfə, Türkiyəyə gedənlərin sayı 2,6 dəfə, Gürcüstana gedənlərin sayı isə 2,3 dəfə artmışdır. Ölkə vətəndaşlarının 40,5 faizi Türkiyəyə, 24,9 faizi Rusiya Federasiyasına, 11,7 faizi İrana, 7,8 faizi Gürcüstana, 15,1 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 68,3 faizini kişilər, 31,7 faizini qadınlar təşkil edib.
2022-ci ilin yanvar-fevral aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 35,0 faizi dəmir yolu və avtomobil, 62,6 faizi hava, 2,4 faizi isə dəniz nəqliyyatından istifadə ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.