BAKI, 21 mart - Sputnik. Mart ayının 22, 23, 24-də Lənkəran-Astara bölgəsində - Masallı və Yardımlıda fasilələrlə yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir.
Dağlıq ərazilərdə qar yağacağı, lakin ötən günlərlə müqayisədə bir qədər mülayimləşəcəyi proqnizlaşdırılır.
Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, yağıntılı hava şəraiti ilə əlaqədar bölgənin çaylarında yüksək sululuğun artacağı ehtimal olunur.
Xatırladaq ki, son üç gün ərzində Azərbaycanın cənub bölgəsinə düşən şiddətli yağışlar səbəbindən çaylarda suların səviyyəsi yüksəlib. Nəticədə daşqınlar Masallı, Cəlilabad və Füzuli rayonunun bir sıra yaşayış məntəqələrini suyun basmasına səbəb olub. Minlərlə ev, əkin sahələri suyun altında qalıb, əhali yaşayış yerlərindən təxliyə edilib.
Hazırda sözügedən ərazilərdə subasma təhlükəsi davam edir.