RUSİYA

Qərb Rusiya neftindən imtina etsə, bir barel neft 300 dollara qalxacaq - Aleksandr Novak

Novakın sözlərinə görə, Rusiya neft ixracının həcmini saxlamağa çalışacaq, lakin belə olacağı təqdirdə ölkə daha az gəlir əldə edəcək.
Sputnik
BAKI, 21 mart - Sputnik. Qərb Rusiya neftindən imtina edərsə, dünya bazarında yanacağın qiyməti bir barel üçün 300 dollara qədər yüksələcək.
Sputnik radiosunun xəbərinə görə, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib.
Bundan əvvəl Avropa diplomatiyasının rəhbəri Josep Borrell Aİ ölkələrinin xarici işlər nazirlərinin Brüsseldəki görüşü zamanı Rusiya Federasiyasının neft sektoruna qarşı potensial sanksiyalar mövzusunu müzakirə edəcəklərini açıqlamışdı.
Polşanın baş naziri Mateuş Moravetski də əmin edib ki, o, Avropa liderlərini Rusiyadan neftdən tamamilə imtina etməyin məqsədəuyğunluğuna inandıracaq.
"Əgər imtina olarsa (Rusiya neftindən - red.), o zaman neftin qiyməti şərti olaraq 300 dollar olacaq, bəziləri isə hətta 500 dollar deyirlər", - Novak deyib.
Energetika naziri həmçinin qeyd edib ki, Avropanın Rusiya qazından imtinası hazırda mümkün deyil. Əgər Qərb imtina edərsə, Rusiya neft tədarükünü diversifikasiya etmək niyyətindədir. Bunu isə şirkətlər həyata keçirə bilərlər.
Novakın sözlərinə görə, Rusiya neft ixracının həcmini saxlamağa çalışacaq, lakin belə olacağı təqdirdə ölkə daha az gəlir əldə edəcək.
Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebestreit Berlinin Rusiya neftinə potensial embarqoya dair mövqeyi ilə bağlı sualı cavablandırarkən qeyd edib ki, Almaniya bu yanacağın Rusiyadan idxalından imtina edə bilməyəcək.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da öz növbəsində Rusiya neftinin tədarükünün dayandırılması halında Avropada enerji balansının ciddi şəkildə pozulacağını proqnozlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!