BAKI, 21 mart — Sputnik. 44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə bitdi, bununla 30 ildir el-obalarından, yurdlarından didərgin düşən qaçqın, məburi köçkünlərin işində geri dönüş üçün böyük ümid yarandı. 30 ildir qaçqın, məcburi köçkün adını üzərlərində daşıyan ailələr səbrsizliklə geri dönəcəkləri günləri gözləyirlər.
Sputnik Azərbaycan geriyə dönməyə hazırlaşan Hacıyevlər ailəsində, eyni zamanda qaçqın, məcburi köçkünlər üçün nəzərdə tutulan, tikildikdə torpaqların azad olunmasından sonra şəhid və qazi ailələrinə verilən mənzillərə baş çəkib, ailələrlə söhbət edib.
Ramanada şəhid ailələri və müharibə əlillərinə üçün yaşayış kompleksi
© Sputnik / Nigar Iskanderova
Kürdəxanıda yaşayan Hacıyevlər ailəsi də belə ailələrdəndir, onlar artıq geriyə qayıdış planı cızıblar.
Ailənin ağsaqqalı olan 68 yaşlı Kərəm Hacıyevin bağrı 30 ildir ki, torpaq həsrəti çəkir:
"Ağdamda hər bir şəraitimiz vardı. Oranın havası, suyu belə başqa idi. Kənddə təsərrüfatla məşğul olub dolanırdıq. Lakin bu xoş günlərimiz uzun sürmədi, erməni qəsibkarları həyatımızı viran etdi, gələcəyimizi bizdən qopardı. Xocalı hadisəsindən bir neçə gün sonra biz Ağdamdan köçkün düşmüşük. Ermənilər başımıza oyun açdı, günahsız yerə elimizdən-obamızdan didərgin düşdük, çətin həyat şəraitində yaşamalı olduq. 38 yaşım vardı, o vaxtdan sonra burada, Kürdəxanıda evlə təmin olunana qədər çox əziyyətlər çəkdik.
Öncə Sabirabada köçdük, sonra Mərdəkandakı sanatoriyada yerləşdik. Sanatoriyada çox şəraitsiz vəziyyətdə yaşamışdıq, kanalizasiyanın üfunət iyi hər yeri bürümüşdü, yer beton idi. Orada yaşadığım illərdə ancaq nəvələrimin revmatizmini müalicə elətdirmişəm. O illərdə ölümümüzü gözləyirdik, amma Kürdəxanıda evlə təmin olunduqdan sonra həyata baxışımız belə dəyişdi, ümid ümid doğurur. Sanatoriyadan çıxanda Ağdamın alınacağını bilmirdim. Bura gəldik, torpaqlarımızın alınmasına bir ümid yarandı, həmin ümid gerçək oldu".
Kərəm Hacıyev
© Sputnik / Nigar Iskanderova
Təsadüfən baş çəkdiyimiz bu ailə iki il öncə, Mərdəkanda tanış olmuşduq, onların şəraitsiz vəziyyətdə yaşadığının şahidi olmuşduq. Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıqdan sonra onların mənzil problemini çox qısa zamanda həllini tapdı.
38 yaşından həyatın ən ağır, acılı üzünü görən Kərəm dayı bir gün Ağdama geri dönəcəklərinə inanırdı: "Desələr ki, sizi bu gün Ağdama geri qaytarırıq, gözləmədən qayıdaram. Ağdama qayıdıb orada təsərrüfatla məşğul olacağam, planlarım var"
El-obasından didərgin düşmək Kərəm dayının oğlu Teymur Hacıyevin də həyatını alt-üst edib, onun yeniyetməliyi, gəncliyi yollarda keçib:
"Ağdamdan çıxanda 14 yaşım vardı, onda Xocalı faciəsi təzəcə baş vermişdi. Xocalı hadisəsi, oradakı meyitlər, qadınların ah-naləsi hələ də gözümün önündədir. Dərs oxuyan vaxtı başımızı əyirdik, məktəbdə olduğumuz vaxtda atışma səsi eşdiib zirzəmiyə qaçırdıq. Tar dərsinə gedirdim, başımın üstündən bombalar atılırdı. Torpağımdan qaçqın düşəndə birdən-birə 20 il qocaldım, həyatdan küsdüm".
Ramanada şəhid ailələri və müharibə əlillərinə üçün yaşayış kompleksi
© Sputnik / Nigar Iskanderova
Bakıya köçdükdən sonra Teymur Hacıyev çörək pulu qazanmaq üçün 22 il dərzi işləyib. O da atası kimi səbrsizliklə doğma el-obasına köçəcəyi günü gözləyir.
Bir zamanlar qaçqın və məcburi köçkünlər üçün tikinitisi nəzərdə tutulan binalarda mənzillərin böyük qismi Vətən müharibəsindən sonra tikinti işi yekunlaşdıqda şəhid ailələrinə, qazilərə verilib. Ramanada istismara verilən kompleksdə müxtəlif şəhid ailələri, qazilər, onların ailələri yaşayır.
28 yaşlı Rahib Qazıbəyov II Qarabağ müharibəsi iştirkaçısıdır. 14-15 yaşlarında hərbiyə sevgisi yaranan R.Qazıbəyov Cəmşid Naxçıvanski adına hərbi məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2017-ci ildən zabit kimi ordu sıralarına qatılıb. 2018-ci ildə fərqlənmə medalı ilə təltif olunan Rahib Qaızbəyov 44 günlük Vətən müharibəsində 4 medalla təltif olunub: "Döyüş yolum Füzuli istiqamətində olub. Sentyabrın 27-də döyüşlər oldu, 29-da yaralandım".
Vətən müharibəsi veteranı Rahib Qazibəyov
© Sputnik / Nigar Iskanderova
Lakin bu müddətdə o döyüş yoldaşları üçün də qəhrəman kimi yadda qalıb, şücaət göstərərək döyüş yoldaşını xilas edib: "Müharibə başladıqdan 2 gün sonra Qaraxanlı-Ağxanlı istiqamətində döyüşlərdə baş nahiyəmdən yaralandım. Baş nahiyəmdən qəlpə yarası almışdım. Buna görə 3 dəfə əməliyyat olunmuşam".
Üç ildir ki, sevdiyi xanımla nişanlı olan Rahib 1 aydır ki, ailə qurub. Onun ailə həyatı qurduğu xanım şəhid Məhəmməd Nəbiyevin qızıdır. Onların hazırkı ailə şəraiti çox gözəldir, özləri bundan məmnundurlar: "Öncədən Suraxanıda qalırdıq, mənzil şəraitimiz yaxşı deyildi. Ramil şəhid olduqdan sonra ölkə başçısı bizi evlə təmin etdi".
70 kvadratlıq 2 otaqlı mənizllə təmin edilən Rahib bundan sonra orta məktəblərin birində hərbi hazırlıq müəllimi olaraq çalışacaq.
Vətən müharibəsi veteranı Rahib Qazibəyovun medalları
© Sputnik / Nigar Iskanderova
Bu dəfə döydüyümüz qapıda bir hüzn vardı, səssiszlik vardı. Şəhid Ramil Yusifovun ailəsi ilə tanış olduq. Ramanada mənzillə təmin olunan şəhid Ramil Yusifovun həyat yoldaşı Zeynəb Yusifova qəhrəmanımızın dyüş yolu haqqıdnda danışır, deyir ki, R.Yusifov 25 il komandir, ordunun baş giziri olub:
"O Naxçıvan, Goranboy, Tərtər bölgələrində döyüşüb. Bunadək 9 medal və 12 fəxri fərmanla mükafatlandırılıb. Hər dəfə atışma olanda öndə gedən biri, tamamilə professional idi. 44 günlük Vətən müharibəsində Tərtər, Talıştəpə istiqamətində döyüşüb. Talıştəpədə vurulanadək 7 kənd almışdı. Tank yananda 3 dostunu xilas etdi, ona görə də çox yanıq xəsarəti almışdı, təcili Bakıya gətirilsə də, ciyərləri dözmədi".
Ailəsi hər zaman onun arxasında olub, onunla xidmətdə olduğu bölgələrə gedib: "O harada idisə, biz həmin bölgədə gedib yaşayırdıq. Bakıda xəstəxanada olduğu son gülərdə onunla danışa bilmişdim. Ancaq hərbi hissəni soruşurdu, deyirdi ki, ora ilə əlaqə saxla, vəziyyət necədir, öyrən, mənə məlumat ver. Yanıq xəsarəti çox olduğundan həkimlər görüşə icazə vermirdilər ki, mikrob keçər. Sonuncu dəfə uşaqları yanına çağırdı, dedi ki, ananızdan muğayat olun, tezliklə buradan çıxacam. Zəng edib hərbi hissə ilə danışmışdı. Prezident həyat yoldaşımın xilas edilməsi üçün Türkiyədən həkimlər dəvət etsə də, onu xilas etmək mümkün olmadı, elə toy günümüzdə şəhid oldu".
Vətən müharibəsi veteranı Rahib Qazibəyov
© Sputnik / Nigar Iskanderova
Ramil Yusifov şəhid olduqda isə ailəsi dövlət qayğısı ilə əhatə olunub: "Bizə böyük dəstək, yardım oldu. Bir neçə ay ərzində evlə təmin olunduq. Qeyd edim ki, yoldaşımın işi ilə əlaqədar biz hər zaman müxtəlif bölgələrdə kirayələrdə yaşamışıq, evimiz olmayıb.
Həyat yoldaşı deyir ki, Ramil Yusifovun işi ağır olsa da, bunu heç zaman biruzə verməzdi, hər zaman deyib-gülüb danışardı. 17 illik ailə həyatından onların iki oğul övladı yadigar qalıb. Övladlarının ən böyük arzusu hərbçi olmaq, atalarının qisasını almaqdır.
Şəhid Ramin Yusifovun fotosu
© Sputnik / Nigar Iskanderova
Qeyd edək ki, şəhid ölümündən sonra 3 medalla təltif edilib.
14 yaşlı oğlu Camal Yusifov deyir ki, atası müharibədə olduğu vaxtda qaldıqları evdən, təpədən vəziyyəti izləyirdilər: "Atam, qayıdacam, demişdi. Lakin bir müddət sonra yaralandığı xəbərini aldıq. Onunla bağlı xatirələrim əsasən hərbiyə bağlıdır. Hər zaman bizə silah-sürsatdan danışardı".
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2018-ci ildə 626 ədəd, 2019-cu ildə bundan 50% çox olmaqla 934 ədəd, 2020-ci ildə əvvəlki ilə nisbətən 70% çox, yəni 1572 mənzil/ fərdi ev şəhid ailələrinə və müharibə əlillərinə verilib. Dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamla 2021-2025-ci illərdə daha 11 min mənzil və fərdi evin şəhid ailələrinə və müharibə əlillərinə təqdim edilməsi nəzərdə tutulub.
2021-ci ildə mənzillə təminat proqramının 3 il əvvələ nisbətən 5 dəfə genişlənib və 3 000-dək mənzilin verilməsi proqramı icra olunub. İndiyədək 12100-dən çox şəhid ailəsi və müharibə əlilinə Nazirlik tərəfindən mənzil və fərdi ev təqdim edilib.
Qeyd edək ki, Ramanada bir müddət əvvəl istismara verilən kompleksdə qaçqın və məcburi köçkünlər də yaşayır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.