BAKI, 21 mart — Sputnik. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ötən gün 44 günlük Vətən müharibəsi zamanı hərbi əməliyyatlar nəticəsində işğaldan azad edilmiş Tərtər rayonunun Suqovuşan qəsəbəsində olublar. Onlar qəsəbədə görülən işlərlə tanış olublar, bir sıra təməlqoyma və açılış mərasimlərində iştirak ediblər. Prezident ailəsi Azərbaycan xalqınını Novruz bayramını da Suqovuşandan təbrik ediblər. Sputnik Azərbaycan-ın əməkdaşı bu gün prezidentin izi ilə Suqovuşana gedib.
Üçotaqlı yaşayış evi istifadəyə verilib
Suqovuşanda əvvəlcə təmir olunan mənzilə baş çəkib. Azərbaycan respublikasi prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Bəşir Hacıyev bildirib ki, 44 günlük müharibə zamanı 16 fərdi ev qismən yararsız vəziyyətə düşüb. Bu evlərdən biri əsaslı təmir olunub.
“Yaşayış binası 148 kvadratmetr tikinti sahəsi altında, 92 kv. metr yaşayış sahəsi olan 3 otaq, bir mətbəxt, iki sanitar qovuşaqdan ibarətdir. Evin əsas hissəsi dekorativ daşdan üzlənib. Bu da onun yerləşdiyi ərazi ilə ahəngi təmin edir. Fasadın digər hissəsində suya davamlı boya materialından istifadə olunub”.
Həmçinin təmir olunan evin otaqları yüksək səviyyədə və müasir dizaynla bərpa olunub. Həyətyanı sahə abadlaşdırılıb, ərazidə ağaclar əkilib. Fərdi evlərin yerləşdiyi məhəlləyə işıq və su xətləri çəkilib, yola asfalt örtüyü döşənib.
İzolyasiyalı kabel xətti
© Sputnik / Emin Alisahib
Məktəb yaxın günlərdə təmir olunacaq
Növbəti ünvanımız dövlət başçısının göstərişi ilə təmir ediləcək qəsəbə məktəbi oldu. Hansı ki, dövlətimizin başçısı məktəb binasının əsaslı təmirinə başlanılması barədə tapşırıq verib.
Bəşir Hacıyev bildirib ki, yaxın günlərdə məktəbin təmiri planlaşdırılır. Yararsız vəziyyətə düşmüş Suqovuşan qəsəbə tam orta məktəbinin binası Təhsil Nazirliyi tərəfindən təmir olunacaq. Məktəbin ərazisinin 1 hektar olduğunu bildirən müsahibimiz bildirir ki, binanın ümumi sahəsi 820 kvadratmetrə yaxındır. Məktəb 12 sinif otağından, 60 nəfərlik akt zalından və kitabxanadan ibarətdir.
“Məktəb bir hektar ərazidə yerləşdir. Burada 144 nəfərlik məktəb təmir olunacaq. Məktəb işçi layihə hazırlandıqdan sonra təhvil veriləcək. Məktəbdə 12 sinif otağı, 60 nəfərlik akt zalı, 1 kitabxana olacaq”.
Dördmərtəbəli binanın fasadının ətrafdakı fərdi evlərə uyğunlaşdırılması nəzərdə tutulur. Fasadda fərdi evlərdə olduğu kimi, dekorativ təbii daşlardan istifadə ediləcək. Məktəbdə müasir standartlara uyğun idman meydançası qurulacaq, həyətyanı sahə abadlaşdırılacaq.
Təməli qoyulan məscid işğal dövründə dağıdılıb
Digər dayanacağımız Prezidentin səfəri zamanı təməli qoyulan məscid idi ki, burada da layihələndirmə işləri barədə məlumat ala bildik. Ümumi ərazisi 0,6 hektar olan kompleksə məscid binası, köməkçi bina, dəstəmaz otağı və avtodayanacaq daxildir. İki mərtəbədən ibarət olacaq məscid binasının uzunluğu 16,8 metr, eni isə 11,2 metr təşkil edəcək.
Burada kişilər və qadınlar üçün ibadət zalının olması planlaşdırılır. Müsahibimiz bildirdi ki, layihəyə əsasən məsciddə eyni vaxtda 110 nəfərin ibadət etməsi üçün şərait yaradılacaq.
Dövlət başçısı tərəfindən təməlini qoyulan məscid işğal dövründə erməni vandalizmə məruz qalan mədəni-dini obyektlər sırasındadır. Qarabağda rəsmi fəaliyyət göstərmiş 67 məscidin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə dağıdılıb, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. İşğaldan azad olunmuş ərazilərimizdə hazırda geniş quruculuq işləri aparılır, yeni məscidlər tikilir. Onlardan biri də Suqovuşan qəsəbəsində təməli qoyulan məsciddir.
Suqovuşan təcrübəsindən Bakıda da istifadə ediləcək
Suqovuşanda olarkən burada enerji məsələləri ilə də maraqlandıq. Azərişıq ASC-nin rəsmisi bildirdi ki, 110 kilovotluq yarımstansiyasından Suqovuşana və Talış kəndini elektrik enerjisi ilə təmin edən xəttin çəkilişi zamanı ilk dəfə olaraq, izalyasiyalı kabeldən istifadə olunub.
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu bildirib ki, bu, postsovet məkanında ilkdir. Məhz Avropanın qabaqcıl ölkələrində tətbiq olunan bir sistemdir:
“Burada 35-in 0-4-ə izolyasiyalı kabeldən istifadə olunub. Gördüyünüz kimi ənənəvi dayaqdır. Hansı ki, bunu ölkənin bir çox yerlərində görürsünüz. Amma bu böyüklükdə dayağı məhz belə müasir və innovativ xəttlər əvəz eləyər”.
İzolyasiyalı kabel xətti
© Sputnik / Emin Alisahib
Müsahibimiz yeni izolyasiya sistemi ilə tətbiq olunan xəttlərin özəlliyindən də danışıb. Bildirib ki, ən vacib üstünlüyü mühavifə zonasının az olmasıdır. Bu da hektarlarla ərazini vətəndaşların istifadəsinə vermək deməkdir. V.Aydınoğlunun sözlərinə görə, yeni sistem eyni zamanda qeyri –sabit hava şəraiti olan ərazilərdə məhz daha etibarlı və daha dayanıqlı elektrik enerjisi ilə təminat deməkdir:
“Çünki belə xətlərdə açılmalar demək olar ki, 70 faizə qədər azalır. Bu da ümumilikdə 1000 hektarlarla torpaq sahəsinin vətəndaşın ixtiyarına verilməsi deməkdir”.
Xatırladaq ki, ilk dəfə Suqovuşanda tətbiq olunan yeni sistem həm də istismar xərclərinin 60-70 faizə qədər azalmasına imkan yaradır. Bu isə iqtisadi baxımdan səmərəliliyi artırır.
Bunu nəzərə alaraq, dövlət başçısı bu xətlə tanışlıqdan sonra "Azərişıq" rəhbərliyinə tapşırıq verib ki, Bakı şəhərində yüksək gərginlikli xətlərdə də məhz belə izolyasiyalı naqillərdən istifadə olunsun.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!