BAKI, 21 mart - Sputnik. Cəlilabaddda əkin sahələrini su basıb. Buna səbəb rayon ərazisindən keçən Mişarçayın məcrasından çıxması olub.
Yerli sakinlərin sözlərinə görə, çayın daşması nəticəsində Muğan, Maşlıq kəndlərinin, eləcə də köhnə Ələt-Astara magistralında, Göytəpə şəhərinə gedən istiqamətdə yolun sağ və sol istiqamətlərində onlarla hektar kartof, çiyələk sahələri, istixanalar su altında qalıb.
Məlumata görə, yaşayış məntəqələrinin müəyyən hissəsinin də su altında qalmaq təhlükəsi yaranıb.
Təhlükəni sovuşdurmaq üçün bu istiqamətdə tədbirlər həyata keçirilir.
***
Xatırladaq ki, martın 19-da Fövqəladə Hallar Nazirliyi (FHN) Masallı və Cəlilabad rayonlarında baş verən sel və daşqınlarla bağlı məlumat yayıb.
Bildirilir ki, bu gün gecə saatlarından başlayaraq respublikanın cənub bölgəsinə yağan intensiv yağışlarla əlaqədar çaylarda və su kanallarında sululuğun artması, qısamüddətli sel və daşqın keçməsi nəticəsində Masallı və Cəlilabad rayonlarının bir sıra yaşayış məntəqələrində bəzi fərdi yaşayış evləri, həyətyanı və əkin sahələri, digər obyektlər və onların ətrafı subasmaya məruz qalıb.
Yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün dərhal əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən su basmış ərazilərdə xilasetmə, suçəkmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Görülmüş operativ və təxirəsalınmaz tədbirlərlə gün ərzində Masallı rayonunun Mollaoba, Təzə Alvadı, Bədəlan, Boradigah kəndləri, Cəlilabad şəhəri və rayonun Təzəkənd, Astanlı, Fərzili, Seyidbazar, Göytəpə, Porsava, Privolnoye kəndləri üzrə ümumilikdə 146 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.