RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

ABŞ Ankaranı S-400-ləri Ukraynaya verməyə məcbur edə bilməyəcək - Kirill Semyonov

Ekspert hesab edir ki, əks halda bu, Ankaranın imicinə ciddi təsir etməklə yanaşı, onun Moskva ilə münasibətlərini tamamilə korlayacaq.
Sputnik
BAKI, 21 mart - Sputnik. Şərqşünas Kirill Semyonov Vaşinqton və Ankara arasında S-400 zenit-raket kompleksi ilə bağlı ehtimal edilən danışıqları şərh edib.

O bildirib ki, amerikalılar türkiyəli həmkarları ilə danışıqlarda S-400 raket sistemi ilə bağlı məsələnin ehmalca üzərindən keçə bilərdilər. Lakin bu, hələ tam hüquqlu danışıqların aparılması anlamına gəlmir.

"Hələlik Slovakiya məxsus S-300-lərlə bağlı heç nə aydın deyil. Ona görə də düşünmürəm ki, ABŞ birdən-birə belə bir addım atmağa qərar verərək F-35 qırıcılarına aid proqramın bərpası müqabilində Ankaranı S-400 raket sisteminin Ukraynaya verilməsinə məcbur etməyə çalışsın", - Semyonov deyib.

Onun sözlərinə görə, hazırda bütün bu danışılanlar şayiə səviyyəsindədir. Amma nə vaxtsa ABŞ Türkiyəyə belə bir təklif etmək istəsə belə, ikincinin razılaşacağına dair ehtimal yoxdur.

Əks halda, bu, Ankaranın imicinə ciddi təsir etməklə yanaşı, onun Moskva ilə münasibətlərini tamamilə korlayacaq.

"Təbii ki, bu nəzəri cəhətdən mümkün ola bilər. Ancaq Türkiyənin F-35 proqramını bərpa etməsi naminə Rusiya ilə münasibətlərini qurban verməyə hazır olub-olmadığını hal-hazırda söyləmək çətindir", - ekspert əlavə edib .
ABŞ Türkiyəyə S-400 raket komplekslərini Ukraynaya verməyi təklif edib
Xatırladaq ki, ABŞ Türkiyəyə S-400 raket komplekslərini Ukraynaya verməyi təklif edib.

Reutersin yaydığı xəbərə görə, Vaşinqton nümayəndələri bu məsələni türkiyəli həmkarları ilə məsləhətləşmələr zamanı qaldırılıb.

Məsələ ABŞ dövlət katibinin birinci müavini Vendi Şermanın Türkiyəyə səfəri zamanı müzakirə olunub.

Ekspertlərin fikrincə, “bu ideya çox güman ki, Türkiyə tərəfindən rədd ediləcək”.

Agentliyin mənbələrinin verdiyi məlumata görə, Ankara üçün bu variant qəbuledilməzdir.
Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksini alması başda ABŞ olmaqla onun NATO müttəfiqlərinin etirazına səbəb olmuşdu. ABŞ rəhbərliyi dəfələrlə bəyan edib ki, S-400 NATO silahları ilə uyğunsuzluq təşkil edir və onun əldə olunması siyasi məsələdir.
Lakin Türkiyə tərəfi dəfələrlə bəyan edib ki, "S-400" zenit-raket kompleksi məsələsinin siyasi məsələ olaraq dəyərləndirilməsi yanlışdır. "S-400" hərbi ehtiyac nəticəsində əldə edilib. Türkiyə Cümhuriyyətinin təhdidlərdən qorunmaq üçün Hava Hücumundan Müdafiə (HHM) Sistemlərinə ehtiyac vardı.
Türkiyə daha əvvəl ABŞ-dan "Patriot" HHM sistemləri almaq istəmiş, lakin müxtəlif bəhanələrlə rəsmi Vaşinqton bu qurğunu Ankaraya verməkdən imtina etmişdi. Türkiyə daha sonra bu ehtiyacını qarşılamaq üçün Çinə müraciət edib. ABŞ bu sövdələşmənin də baş tutmaması üçün lobbiçilik fəaliyyəti göstərib. Son nəticədə, bütün siyasi risklərə baxmayaraq, Türkiyə bu müdafiə sistemlərini Rusiyadan alıb.
NATO müttəfiqləri isə Türkiyəni Rusiya ilə silah alverində ittiham edərək ona qarşı sanksiyalar qəbul ediblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hələ ötən ilin noyabrında Ankara və Moskva arasında S-400-lərlə bağlı mühüm razılığın əldə olunduğunu bəyan edib. Belə ki, Rusiya və Türkiyə "S-400" zenit-raket komplekslərinin komponentlərinin birgə istehsalı ilə bağlı heç bir açıqlama verməmək barədə razılığa gəliblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.