Hökməli Bakının tarixi qədim olan kəndlərindəndir. Kəndin qədim tarixə malik olması sakinlərinin həyat tərzində və özünəməxsus adət-ənənələrində də özünü büruzə verir. Xalqımızın qədim adət-ənənələrinə, milli-mənəvi dəyərlərinə bağlılığı ilə seçilən Hökməli sakinləri unudulmaqda olan bir çox adət-ənənəni, milli oyunları və mərasimləri keçmişdən bu günə və nəsildən-nəsilə ötürməkdə israrlıdırlar.
Hökməli kəndinin ağsaqqalı Mirələkbər Ağayev kəndinin Novruz adətləri haqqında Sputnik Azərbaycan-a bəhs edib. O bildirir ki, Azərbaycanın digər bölgələrindən fərqli olaraq Hökməli kəndində Novruzaqədərki 7 çərşənbə qeyd olunur:
"Bütün bölgələrdə qeyd olunan 4 çərşənbədən başqa, "Xıdır çərşənbəsi", "Yerə can gəldi", "Yerə ikinci gəmrə gəldi" kimi çərşənbələr də qeyd olunur. İndi Novruz süfrəsində çeşidlər çox olur. Amma o vaxt az idi. Şəkərbura, paxlava bişirilmirdi. Onun əvəzinə, süd çörəyi və qoğal bişirilərdi. Bir də insanların öz əlləri ilə hazırladığı meyvə qaxı süfrəni bəzəyərdi".
Kəndin ağsaqqalı qeyd edir ki, indi süfrələr bol olsa da, keçmişdəki mehribanlıq, səmimiyyət azalıb: "O vaxtlar süfrədə təamlar az idi. Amma mehribanlıq var idi. Mən kasıblığın fikrini çəkmirəm, amma insanların bir-birinə olan xətir-hörmətinin qəhərə çəkilməsindən narahatam".
Ağa bildirir ki, o vaxt qız-gəlin birləşib Novruz şirniyyatlarını birlikdə hazırlayardılar. Beləliklə də hər ailənin süfrəsində şirniyyat olardı: "O vaxt bərabərlik var idi. Hamının süfrəsi bərabər olardı. 5-6 qadın birləşib şirniyyatı, çörəyi təndirdə bişirərdi. Özü də təndirdə hazırlanan şirniyyatların dadı bir başqa idi. İndi süfrələrdə onlarla yemək olur. Amma o vaxt aş bişirilərdi, aşın qarası da qoyun ətindən olardı. Amma indi dietoloqlar çıxıb, camaata qadağa qoyur".
Bəzi dindarlar müsəlmanların Novruz bayramını qeyd etməsini düzgün hesab etməsələr də, müsahibimiz burada bir qəbahətin olmadığını bildirir: "Məhəmməd peyğəmbərin ən məşhur səhabələrindən Salman əl-Farisi Məhəmməd peyğəmbərə bu bayramdan bəhs edəndə peyğəmbərimiz deyib ki, bu bayram haqqında Quranda yazılmasa da, onun qeyd olunmasında heç bir qəbahət yoxdur. Bu bayramda evlərin təmizlənməsi, insanların sevinməsi, torpağın oyanmasını qeyd etməyə başqa don geyindirmək lazım deyil".
Mirələkbər baba deyir ki, o vaxt papaq atmazdılar. Papağın əvəzinə torba atardılar. Torba atan zaman müəyyən Novruz nəğmələri səsləndirərdilər. Camaatdan topladıqlarını da bərabər paylaşdırarmışlar.
Hədiğa Kərimova isə Hökməli kəndinin ağbirçəyidir. Novruz adətlərindən danışan Hədiğa nənə deyir ki, onların kəndi keçmiş adət-ənənələrə sadiq qalıb: "O vaxt da, indi də bizim kənddə bu bayram şən keçirilir. O vaxt olduğu kimi bu gün də insanlar bir-birlərini təbrik etmək üçün qapılarına gedirlər. İndi Novruz süfrəsində təamlar daha çoxdur. O vaxt hər adam şirniyyat bişirə bilmirdi. Şirniyyat bişirmək üçün əlverişli şərait də yox idi. Amma indi gəlinlər-qızlar hər şeyi çox gözəl bacarır. O vaxt kimdə təndir var idisə ora yığışıb şirniyyatları bişirirdilər. Hamı birləşib bişirirdi".
Kəndin daha bir ağbirçəyi Səmayə Salmanova bildirir ki, Hökməli kəndində Novruz süfrəsinin vazkeçilməz şirniyyatı zincirfərəc və səməni halvasıdır: "İndi gənc xanımların çoxu bu şirniyyatlardan xəbərsizdirlər. Əncirdən hazırlanan zincirfərəcin içində müxtəlif ədviyyatlar var ki, onlar insan orqanizminə çox faydalıdır. Bu gün müxtəlif xəstəliklər yayılıb. Bu şirniyyatı yeyən insanlara korona, omikron təsir etməz".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.