CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bayramda necə qidalanaq? Həkimlərdən xəbərdarlıq!

Ürək xəstələrində təyziqin artması nəticəsində insult ola bilər. Şəkər xəstələrində isə kalorili qidalar qanda şəkərin yüksəlməsinə gətirib çıxara bilər.
Sputnik
BAKI, 20 mart — Sputnik. Novruz bayramında süfrəmiz bol, dadlı və kalorili təamlarla dolu olduğundan, bayramda qidalanma çox zaman problemlərə də yol açır. Sputnik Azərbaycan bayramda necə qidalanmağın düzgün olduğunu təqdim edir.
Bayramda necə saatdan bir yemək yemək olar?
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Qida təhlükəsizliyi şöbəsinin mütəxəssisləri Aynur Həsənova, Xədicə Doldolovanın "Novruz bayramında necə qidalanaq?" mövzusunda məqaləsində bundan bəhs olunur:
"Novruz süfrəsini bol çeşidli yeməklərsiz, şirniyyatlarsız təsəvvür etmək mümkün deyil. Ona görə də bayram ərəfəsində qidalanmaya xüsusi diqqət edilməlidir. Bayram günlərində qidalanmada yol verdiyimiz bəzi səhvlər ciddi fəsadlara səbəb ola bilər. Bayram günlərində ilk növbədə qidalanmanın optimal rejiminə əməl etmək lazımdır. Belə ki, gün ərzində 2-3 saatdan bir müəyyən miqdarda qida qəbul etmək məsləhətdir. Bu, toxluğa səbəb olaraq normadan artıq qida qəbulunun da qarşısını alacaqdır. Həmçinin yeməklərin və digər qidaların istifadəsi balanslaşdırılmalıdır. Qidaları qarışdırmamaq və müəyyən həddin gözlənməsi vacib şərtdir. Həddindən artıq yemək mədə-bağırsaq sistemi üçün problemlər yaradır".
Bu salatlara üstünlük verilməlidir
Ekspertlər hesab edirlər ki, bayramda zülal, yağ, karbohidrat və lif tərkibli qidaların balanslı şəkildə istehlakına diqqət etmək lazımdır. Xüsusilə də bişmiş qidaların həzmini asanlaşdıran təzə tərəvəz salatlarına üstünlük verilməlidir: "Tərəvəzlər lif və sellüloza ilə zəngin olduğu üçün aclığı dəf edir və qidanın həzm olunmasını asanlaşdırır. Tərkibində çoxlu miqdarda zülal olan qidaları seçərkən yalnız bir növ zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. İstehlak olunan qidanın miqdarı da vacib amildir".
Hər yeməkdən neçə qaşıq?
Mütəxəssislər bir yemək saatında üçdən artıq çeşiddə yeməyin istehlakını tövsiyə etmirlər. Bu zaman onların hər biri 2 xörək qaşığından artıq olmamalıdır:
"Zəif həzm olunan karbohidratlarla zəngin qidaları (kartof və lobya əlavə edilmiş yeməklər, çörək, xəmir məhsulları və s.) ayrıca istehlak etmək lazımdır. Həmçinin bayram süfrəsində qızardılmış məhsullara yox, sobada bişirilmiş balıq və digər ət növlərinə üstünlük verilməlidir. Belə emal üsulu həm yaxşı dad əldə etməyə, həm də ət məhsullarında olan qiymətli qidalı maddələrin saxlanmasına imkan verir. Yaxşı olar ki, balıq yeməkləri hazırlandıqdan sonra tez bir zamanda istehlak edilsin".
Yüksək qidalılıq dəyərinə malik məhsullardan olan mayonezdən yeməklərin, salatların hazırlanmasında geniş istifadə olunur. Mütəxəssislər mayonezi qatıqdan hazırlanmış sous, xama, kefirlə əvəz etməyi məsləhət görürlər. Ev şəraitində hazırlanmış mayonezdən də istifadə tövsiyə olunur. Mayonezli məhsulların keyfiyyətinə təsir göstərən əsas amil onların düzgün şəraitdə saxlanmamasıdır.
Mayenin düzgün qəbul edilməsi də sağlam qidalanmanın vacib şərtlərindəndir. Xüsusən də su orqanizm üçün müstəsna əhəmiyyətə malikdir. Mütəmadi olaraq suyun qəbulu lazım olduğundan artıq yeməyin qarşısını alır.
Paxlava və şəkərbura sevənlərin nəzərinə!
Mütəxəssislər qeyd edir ki, yemək vaxtı və yeməkdən dərhal sonra su içmək məsləhət görülmür.
Suyun qida istehlakından 30 dəqiqə əvvəl ilıq halda içilməsi faydalıdır. Düzgün qidalanmanın vacib şərtlərindən biri asta-asta yeməkdir. Çünki doyma siqnalı beyinə 20 dəqiqə ərzində çatır. Asta-asta qidalanma qısa müddətdə doyma hissinin yaranmasına səbəb olur ki, bu da həddindən artıq yeməyin qarşısını almış olur.
Xörəklərin ardınca yüksək kalorili şirniyyatların yeyilməsi orqanizmdə ciddi fəsadlara səbəb ola bilər. Novruz təamlarından olan şəkərbura, paxlava və digər şirniyyatlar tərkibindəki karbohidrat, yağ və şəkərə görə yüksək kaloriyə malik qidalardır. Unutmayın ki, bu şirniyyatlarla bərabər təzə meyvələrin və çərəzlərin istehlakı gündəlik kalori qəbulunu artırır. Bu da artıq çəkinin yaranmasına, piylənməyə gətirib çıxarır.
Belə ki, qlükoza qan dövranına daxil olur və fizioloji proseslərin həyata keçirilməsi üçün istehlak olunur. Həddindən artıq qlükoza insulinin təsiri ilə qlikogen əmələ gətirir. Bu da sonradan qaraciyərdə yağ olaraq toplanır.
Bayram ərəfəsində düzgün və balanslı səhər yeməyi də sağlam qidalanmanın əsas amillərindəndir. Faydalı səhər yeməyi bədənə gümrahlıq verir, həzm sisteminin funksiyasına müsbət təsir göstərir, tox saxlayır və əhval-ruhiyyəni yaxşılaşdırır. Bayram ərəfəsində düzgün və balanslı qidalanmaq qədər fiziki aktivliyi də yüksəltmək vacib və faydalıdır.
Bayram salatlarını neçə gün yemək olar?
Süfrəsinin əsas salatları olan şuba, paytaxt salatlarının bayramdan sonrakı günlərdə də yeyilməsi sirr deyil. Diyetoloqlar bu salatların hazırlandıqdan sonrakı 12 saat ərzində yeyilib bitməsinin vacibliyini açıqlayıblar. Tərkibi qarışıq inqrediyentli və mayonezli salatlar bir sutka saxlanıla bilməz. Çünki hər bir ərzağın özünün saxlanma və xarab olma müddəti var. Bu yeməklərdə bakteriya və mikroorqanizmlər sürətlə çoxalır. Xüsusən mayonezdə mikroblar daha çox olur.
Elə ki, salata mayonez qatıb duzladınız, orada rütubət, nəmişlik olur, bu mühit isə bakteriyalar üçün əlverişlidir. Hər keçən saat bakteriyaların xeyrinədir. Soyuducuda saxlanmayan salatın isə ömrü daha az olur. Ona görə bütün mayonezli bayram salatları hazırlandıqdan sonrakı 4-5 saatda yeyilməlidir. Maksimum saxlanma müddəti 12 saatdır, yalnız soyuducuda!
Həkimdən xəbərdarlıq!
Kliniki Tibbi Mərkəzinin (KTM) polinikika şöbəsinin müdiri Afət Zeynalova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bayram günlərində insanlar qidalanmaya diqqət yetirməlidirlər:
"Novruz bayramında çərəzlər, ləpə və undan hazırlanan şirniyatlara çox üstünlük verilir. Ləpələrdə xoletrinin miqdarı çoxdur. Un məmulatları da çəkinin artmasına səbəb olur. Bu isə ürək-qan damar xəstələrində təyziqin artmasına gətirib çıxarda bilər. Ürək xəstələrində təyziqin artması nəticəsində insult ola bilər. Şəkər xəstələrində isə kalorili qidalar qanda şəkərin yüksəlməsinə gətirib çıxarda bilər".
A.Zeynalova bayram günlərində saat 7-dən sonra yemək qəbul edilməməsini tövsiyə edir: "Daha çox meyvə- tərəvəzlərdən çox istifadə etsinlər. Yağlı qidalardan istifadə mədə-bağırsaq xəstəliyinə yol aça bilər. Bu isə xora xəstəliyini kəskinləşməsinə səbəb ola bilər. Yaxşı olardı ki, bayramda insanlar qidaların miqdarını azaltsınlar".
Ötən bayramı unutmayın!
Xatırladaq ki, Yeni İldə bayram günləri heç də hamı üçün yaxşı yadda qalmayıb. Yeni ilin ilk günlərində Azərbaycanda yüz əlliyə yaxın zəhərlənmə hadisəsi baş verib, ölən olub. Ötən il 31 dekabrdan 5 yanvaradək Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə şübhəsi ilə bağlı 142 müraciət daxil olub.
Müraciət edənlərdən 13 nəfərin vəziyyəti ağır olduğu üçün Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib, 129 nəfərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Xəstəxanaya yerləşdirilən 13 nəfərdən (5 qadın, 3 kişi, 5 uşaq) 5-i dəm qazından, 3-ü dərmandan, 1-i sirkə turşusundan, 2-si allergiya səbəbindən, 2-si etanol spirtindən zəhərlənib. Həkimlərin səylərinə baxmayaraq, onlardan biri ölüb. Ölən şəxsin qadın olduğu bildirilib.
Zəhərləndiyi üçün ilkin tibbi yardım göstərilərək evə buraxılan 129 nəfərdən 28-i dəm qazı, 13-ü dərman, 33-ü alkoqollu içki, 9-u göbələk, 9-u allergiya, 1-i əqrəb sancması səbəbilə müraciət edib. Müraciət edən digər 36 nəfərdə isə zəhərlənmə faktı qeydə alınmayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.