İQTİSADİYYAT

Azərbaycanda əhalinin sosial güzəranı və təminatı necədir?

Ölkədə 1 milyon 200,5 min pensiyaçı qeydiyyatdadır. Bu da ölkə əhalisinin 12 faizini təşkil edir. Daha ətraflı Sputnik Azərbaycan-ın materialında.
Sputnik
BAKI, 20 mart — Sputnik. Bu ilin yanvarın 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 200,5 min (ötən ilin yanvarın 1-i vəziyyətinə 1 milyon 228,8 min) pensiyaçı qeydiyyatda olub. Bu da ölkə əhalisinin 12 faizini təşkil edir.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, onların 58,9 faizi yaşa, 28,9 faizi əlilliyə, 12,2 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,8 faiz artaraq 331,8 manat təşkil edib və orta aylıq əməkhaqqının 45,3 faizinə bərabər olub.
"Əmək pensiyaları haqqında" qanuna edilmiş dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği 20 faiz artırılaraq 2022-ci ilin 1 yanvar tarixindən 240 manat müəyyən olunub.
Ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə 2022-ci ilin 1 yanvar tarixindən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb, qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla digər əmək pensiyaçılarına 2022-ci il üzrə 200 manat məbləğində maddi yardım, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına isə 2022-ci ildə aylıq əmək pensiyasının 10 faizi məbləğində aylıq maddi yardım təyin olunub.
Yaşa görə müavinət alanların sayı artıb
Bununla yanaşı, əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ aylıq sosial müavinətlər təyin edilir. Belə ki, 2022-ci ilin yanvarın 1-i vəziyyətinə yaşa görə müavinət alanların sayı 113,6 min (ötən ilin yanvarın 1-i vəziyyətinə 100,2 min) nəfər, 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə - 150,3 min (müvafiq olaraq 182,5 min) nəfər, ailə başçısını itirməyə görə - 54,3 min (49,2 min) nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşınadək uşaqların sayı 55,8 min (52,7 min) nəfər, digər müavinət növlərini alanların sayı isə 22,9 min (27,2 min) nəfər olub.
Eyni zamanda, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 216 nəfər qəyyumuna, müxtəlif kateqoriyalı şəxslərin 6,8 min ailəsinə 10,8 min uşaq üçün, beşdən çox uşağı olan 2,4 min qadına 9,5 min uşaq üçün aylıq müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkən 319 şəxsə isə kompensasiya verilib.
2021-ci il ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilənlər istisna olmaqla, 64,8 min ailəyə 66,2 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 4,0 min şəxsə müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 7,3 min nəfərə birdəfəlik müavinətlər verilib.
2022-ci il yanvarın 1-i vəziyyətinə 44,7 min aztəminatlı ailənin 194,0 min üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən orta aylıq məbləği 64,29 manat təşkil edib.
Bunlarla yanaşı, müxtəlif kateqoriyadan olan 299,3 min şəxsə Azərbaycan Prezidentinin təqaüdü təyin olunub.
İqtisadçı Xalid Kərimli Sputnik Azərbaycan-a bildirib ki, "Əmək pensiyaları haqqında" qanunun 20-ci maddəsində qulluq stajına görə əmək pensiyasına əlavələrin hansı əmək pensiyaçılarına təyin edilməsi göstərilir:
"Qulluq stajına görə əlavələr fərqlidir. Əmək pensiyaçıları üçün burada stajın ili, məbləğlər fərqlidir. Məsələn, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I dərəcə əlilliyi müəyyən edilmiş sabiq hakimlərə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I dərəcə əlilliyi müəyyən edilmiş və deputat kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq deputatlar, Hesablama Palatasının üzvü və sabiq üzvü vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri və s. buraya daxildir".
"Bundan öncə sığorta prinsipi ilə pensiya alanlara 2022-ci ildə 200 manat məbləğində maddi yardımın verilməsi ilə bağlı dövlət başçısı tərəfindən sərəncam imzalanıb. Eyni zamanda əmək pensiyalarının sığorta hissəsi artırılıb. İndi də qulluq stajına görə əlavələr alan pensiyaçılara hər ay pensiyalarının 10 faizi məbləğində maddi yardım veriləcək. Hətta 2023-cü ildə indiki yardımlar pensiyaların baza hissəsinə əlavə ediləcək", - deyə ekspert əlavə edib.
Qeyd edək ki, məsələn, qulluq stajına görə əlavələr alan pensiyaçı 800 manat pensiya alırsa, ona hər ay 80 manat maddi yardım veriləcək. Bu da cəmi 880 manat pul edir. Şəxs 1500 manat pensiya alırsa, ona 150 manat hər ay maddi yardım veriləcək. Bu da cəmi 1650 manat edir.
Pensiyaçıların büdcəsində ərzaq, dərman xərcləri əsas yer tutur
İqtisadçı bildirib ki, əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkədə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilir: "İl ərzində orta aylıq nominal əməkhaqqı nə qədər artırsa, pensiyaların sığorta hissəsi də o qədər artır. Keçən il orta aylıq nominal əməkhaqqının illik artım tempi 3,4 faiz təşkil edib.
Bu da orta illik inflyasiyadan (6,7 faiz), ərzaq inflyasiyasından (16,2 faiz) aşağı olub. Pensiyaçıların büdcəsində ərzaq, dərman xərcləri əsas yer tutur. Ona görə artımla bərabər, pensiyaçılara cari ildə 200 manat maddi yardım da veriləcək. Həmin vəsait rüblərə bölünməklə pensiyaçılara ödəniləcək. Başqa sözlə, hər rübdə 50 manat maddi yardım veriləcək".
"Məsələn, pensiyaçının sığorta hissəsi 400 manatdırsa, onun pensiyası ayda cəmi 30 manat 27 qəpik artacaq. Artımın 16 manat 67 qəpiyini maddi yardım təşkil edir, 13 manat 60 qəpik isə pensiyanın sığorta hissəsinin indeksləşdirilərək artırılmasından əldə edilib. Ümumiyyətlə, hökumət ötən il baş verən bahalaşmanı nəzərə alaraq addım atıb", - deyə ekspert qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.