HADİSƏ

Külək, yağış Gəncədə fəsadlar törətdib: Xəsarət alanlar var

Körpələr Evi-Uşaq baxçasının həyətində iri gövdəli ağac kökündən qoparaq aşıb, elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Sputnik
BAKI, 19 mart — Sputnik. Bir neçə gündür qeyri-sabit hava şəraiti qərb bölgəsində də davam edir. Yazın gəlişinə 1 gün qalsa da, sanki qış öz hökmranlığını əldən vermək istəmir.
Bölgənin dağlıq ərazilərində yerləşən rayonlarına mart ayında o qədər də təsadüf edilməyən qar yağıb. Ölkənin ikinci böyük şəhəri Gəncədə isə yağış, külək müşahidə edilməkdədir.
Güclü külək fəsadlar törədib
Sputnik Azərbaycan xəbər verir ki, ötən gecə yağış, ardından da güclənən külək Nizami yurdunda fəsadlara yol açıb. Təbiət hadisəsi zamanı 53 nömrəli Körpələr Evi-Uşaq baxçasının həyətində iri gövdəli ağac kökündən qoparaq aşıb. Aşan ağac uşaqların oyun meydançasına düşüb. Hadisə zamanı xəsarət alan olmayıb.
Güclü külək fəsadlar törədib
Külək Gəncənin 5-ci mikrorayon və Cavadxan qəsəbəsində elektrik enerjisinin verilməsində fasilələrə səbəb olub. Naqillərin üzərinə düşən iri ağac budaqları sakinləri işıqsız qoyub.
Gəncədə güclü külək zamanı Nizami Gəncəvi prospekti ilə Eminbəyli küçələrinin kəsişməsində yerləşən birmərtəbəli binanın üzərinə hörülən qırmızı kərpiclər qopub səkiyə tökülüb. Bu zaman həmin ərazidən keçən 58 yaşlı Hicran Əhmədova və 7 yaşlı Həmid Hüseynov daşların düşməsi zamanı xəsarət alıblar.Hər iki şəxs xəstəxanaya çatdırılıb.
Həmçinin şəhərin Gülüstan qəsəbəsində güclü külək yaşayış binasının dam örtüyünü uçurub.
Güclü külək fəsadlar törədib
Yağış, külək nəticəsində yaranan fəsadların aradan qaldırılması üçün adiyyatı qurumlar işə başlayıb. Hazırda bölgədə qeyri-sabit, soyuq hava müşahidə edilməkdədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.