BAKI, 19 mart - Sputnik. Bakıdan İstanbula yola düşən “Buta Airways” aviaşirkətinin təyyarələri (J2-9103 və J2-9105 reysləri) əlverişsiz hava şəraiti ilə əlaqədar Sabiha Gökçen hava limanına eniş edə bilməyib.
Hava gəmisinin kapitanları İzmir hava limanına enməyə qərar veriblər.
Xatırladaq ki, əlverişsiz hava şəraiti ilə əlaqədar sözügedən reyslər Bakıdan gecikmə ilə yola düşüb. Lakin hava şəraitinin pisləşməsi ilə əlaqədar olaraq təyinat aeroportu uçuş-enmə zolağının qardan təmizlənməsi səbəbindən hazırda təyyarələrin qəbulunu məhdudlaşdırıb.
İstanbul hava limanının fəaliyyəti bərpa olunduqdan dərhal sonra təyyarələr İzmirdən yola düşəcək.
Onu da qeyd edək ki, bu gün səhər saatlarında yayılan məlumata görə, "Buta Airways" aviaşirkətinin Bakı-İstanbul (Sabiha Gökçen Hava Limanı) marşrutu üzrə həyata keçiriləcək J2-9103 reysinin uçuşu təyinat məntəqəsində əlverişsiz hava şəraiti ilə əlaqədar gecikib.
Aviaşirkətin yaydığı məlumata görə, İstanbul hava limanında güclü qar müşahidə olunur.
Gecikən reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin edilirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.