İQTİSADİYYAT

Yeni situasiya qlobal inflyasiya risklərini yüksəldib

Geosiyasi risklərin iqtisadi aktivliyə və əhalinin sosial rifahına neqativ təsirlərinin minimallaşdırılması Hökumətin və Mərkəzi Bankın diqqət mərkəzindədir və zəruri adekvat tədbirlər görülməkdədir.
Sputnik
BAKI, 18 mart — Sputnik. Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7,5%-dən 7,75%-ə, faiz dəhlizinin aşağı həddi 6%-dən 6,25%-ə, yuxarı həddi isə 9%-dən 9,25%-ə qədər yüksəldilib.
Sputnik Azərbaycan xəbər verir ki, ötən toplantıdan bəri ölkədə illik inflyasiya tempi azalsa da geosiyasi və geoiqtisadi mühitdə fundamental dəyişikliklər inflyasiyanın xarici fonu ilə bağlı qeyri-müəyyənlikləri əhəmiyyətli dərəcədə artırıb.
Pandemiyanın dünya iqtisadiyyatına, ticarətinə, məşğulluğa və maliyyə bazarlarına təsirlərinin qismən stabilləşməyə doğru getdiyi bir dövrdə qeyri-müəyyən dinamikaya malik yeni situasiya qlobal inflyasiya risklərini yüksəldib.
Qlobal iqtisadi artım və ticarət perspektivlərinin əhəmiyyətli pisləşməsi, qlobal təklifin daha da daralması potensialının yüksəlməsi, beynəlxalq logistika-təchizat və hesablaşma zəncirində problemlərin daha da artması yüksək olan inflyasiya təzyiqlərinə artırıcı impulslar verməkdədir.
Fevral ayının sonundan başlayaraq qlobal birja əmtəələrinin, xüsusilə də enerji daşıyıcılarının və taxıl məhsullarının qiymətləri tarixi rekordları yeniləyərək ortamüddətli qlobal inflyasiya proqnozlarına və onun milli iqtisadiyyata ötürücülüyü perspektivlərinə əhəmiyyətli təsir edib. Bu şəraitdə ölkə iqtisadiyyatında qiymətlər səviyyəsinin yüksələn idxal qiymətlərindən təsirlənmə potensialı əhəmiyyətli artıb.
Digər tərəfdən isə enerji qiymətlərinin artması ölkədə qiymətlər sabitliyinin əsas lövbərinin fundamental amili olan tədiyə balansı profisitinin genişlənməsi imkanlarını yüksəltmiş, manatın nominal effektiv məzənnəsi əhəmiyyətli möhkəmlənib.
Eyni zamanda cari ilin fevral ayında Hökumət və Mərkəzi Bank tərəfindən yerli ərzaq istehsalının artırılması, inflyasiya idxalının məhdudlaşdırılması prioritetlərini əhatə edən kompleks antiinflyasiya tədbirlərinin icrasına başlanılıb.
Yüksək qeyri-müəyyənliklər makroiqtisadi göstəricilərin proqnozlaşdırılmasını çətinləşdirmişdir. Proqnoz horizontunda inflyasiyanın əsasən xarici təklif amillərindən təsirlənəcəyi gözlənilir.
Yaranmış vəziyyət inflyasiya gözləntilərinin lövbərləşdirilməsi vasitəsilə qiymətlər sabitliyinə artırıcı amillərin təsirlərini qabaqlayıcı rejimdə tənzimləmək üçün faiz dəhlizi parametrlərinin zəruri təshihini şərtləndirir.
Ümumilikdə, geosiyasi risklərin makroiqtisadi və maliyyə sabitliyinə, eləcə də iqtisadi aktivliyə və əhalinin sosial rifahına neqativ təsirlərinin minimallaşdırılması Hökumətin və Mərkəzi Bankın diqqət mərkəzindədir və zəruri adekvat tədbirlər görülməkdədir.
Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar xarici mühitdə və ölkə iqtisadiyyatında gedən proseslər, maliyyə bazarlarının geosiyasi risklərə reaksiyası, inflyasiyanın dinamikası və proqnozu nəzərə alınmaqla qəbul ediləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.