CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xaricdən mal sifariş edənlər sığortalanacaqlar

Sığortalılar əlavə sığorta haqqı ödəməklə digər mülki məsuliyyətlərə görə də təminatlar əldə edə bilərlər.
Sputnik
BAKI, 18 mart — Sputnik. “Avtomobillə yük daşıyıcılarının mülki məsuliyyəti” sığorta məhsulu yaxın vaxtlarda təqdim olunacaq.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən əmlumata görə, “Azərpoçt” MMC ilə bir neçə şirkət arasında görüş keçirilib. Görüşdə yeni yaradılan “Avtomobillə yük daşıyıcılarının mülki məsuliyyəti” sığorta məhsulu və digər əməkdaşlıq imkanları müzakirə olunub.
Bu sığorta məhsulu quru yolu ilə həyata keçirilən beynəlxalq daşımalara şamil olunur. Transport zamanı yükün itməsinə, məhv olmasına, yaxud korlanmasına görə sığortalı daşıyıcının yükgöndərən və ya alıcı qarşısında olan mülki məsuliyyətini sığorta təminatı altına alır. Sığorta təminatı daşıyıcının yükü yükgöndərəndən təhvil aldığı zamandan qüvvəyə minir, alıcıya təhvil verdikdən sonra qüvvədən düşür.
Sığortalılar əlavə sığorta haqqı ödəməklə digər mülki məsuliyyətlərə görə də təminatlar əldə edə bilərlər:
• Yükün yanlış ünvana çatdırılması nəticəsində yaranmış maddi ziyana görə mülki məsuliyyət;
• Yükün daşınması zamanı daşınan yükün/konteynerin sәbәb olduğu üçüncü şәxslәrin hәyatına, sağlamlığına, әmlakına, o cümlәdәn әtraf mühitә dәymiş ziyana görә mülki məsuliyyət.
Xidmətin əlçatanlığının təmin olunması və prosesin asanlaşdırılması məqsədilə “Azərpoçt” MMC bu sığorta paketinin bütün nəzarət-keçid məntəqələrində təqdim olunmasını təşkil edir. TIR sürücüləri və sahibkarlar uzağa getmədən, gömrük-sərhəd buraxılışlarında yerləşən “Azərpoçt” məntəqələrində və digər “Azərpoçt” şöbələrində “Avtomobillə yük daşıyıcılarının mülki məsuliyyəti” sığorta xidmətindən faydalana bilərlər.
Qeyd edək ki, yeni sığorta məhsulunun yaxın vaxtlarda müştərilərin istifadəsinə verilməsi planlaşdırılır.
Maraqlananlardan ətraflı məlumat üçün “940” Çağrı mərkəzinə müraciət etmələri xahiş olunur.