CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirdən Kür çayının quruması barədə həyəcanlı açıqlama

Muxtar Babyev: "Əsas məqsədimiz harada əlverişli şərait varsa, orada suyun yığılması, qorunması və istehlakçıların su ilə təmin olunmasıdır"
Sputnik
BAKI, 18 mart — Sputnik. "Kür çayının quruması artıq böyük müzakirə predmetinə çevrilib. Həqiqətən də Kür çayında suyun azalması, səviyyəsinin enməsini müşahidə edirik".
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib. Onun sözlərinə görə, bu, daha çox iqlim dəyişmələri ilə bağlıdır:
"Xüsusilə yanvar-fevral aylarında görünməmiş quraqlıq olub. Əfsuslar olsun ki, yağıntı az olub. Qar yağan günlər də çox az olub. Çaylarda suyun əsas mənbəyi qar, qar ehtiyatlarının əriməsi və yağışdır. Amma yağıntılar çox azdır. Əlbəttə ki, bu da neqativ təsir göstərir. Əsas məqsədimiz harada əlverişli şərait varsa, orada suyun yığılması, qorunması və istehlakçıların su ilə təmin olunmasıdır. Təbii ki, burada biomüxtəlifliyi də nəzərə almaq lazımdır. Çünki bunun biomüxtəlifliyə də böyük neqativ təsiri var. Bunun həlli yolunu beynəlxalq təşkilatlarla müzakirə edirik. Amma əfsuslar olsun ki, bu proses təkcə Azərbaycanda deyil".
Nazir deyib ki, dünyanın müxtəlif ölkələrində dənizlərdə suyun səviyyəsi düşüb:
"Xüsusilə buna Xəzər dənizini misal göstərə bilərik. Son 20 il ərzində Xəzərdə suyun səviyyəsinin aşağı düşməsi bizi narahat edir. Burada iqlim dəyişmələri əsas faktordur. Amma başqa faktorlar da var. Əhali artıb, tələbat, istehlak çox artıb. Əsas məqsədimiz istehlakın daha səmərəli formada idarə olunmasıdır. Burada vətəndaşlar, fermerlər, istehlakçılar suya qarşı məsuliyyətli olmalıdırlar. Məsuliyyətli istehlakçını təşviq etməliyik. İnanıram ki, böyük proqramlar icra olunacaq".
Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva da "Ekspert saatı"ndakı çıxışında Kür çayında suyun azalmasından danışıb. O, bildirib ki, Kür çayının aşağı axınında suyun miqdarı azalmaqdadır: "Səbəb müxtəlifdir, lakin əsas iqlim faktorudur".
Onun sözlərinə görə, ölkəyə daxil olan suyun miqdarı son 10 ildə ümumilikdə 27 % azalıb, amma Kürün aşağı axarında bu göstərici 50 %-dən çoxdur:
"Digər səbəb sudan səmərəsiz istifadədir. Azsulu illər də müşahidə olunur ki, qarlı və şaxtalı günlərin azalması sululuğun azalmasına səbəb olur. Bu da suya olan təlabatı da artırır. Sudan ifrat dərəcədə istafadə baş verir. Həmin ərazilərdə yaşayan vətəndaşlar daha diqqətli davranmalıdır".
U.Tağıyeva bildirib ki, mart ayı ərzində yağıntıların intensiv olması səbəbindən Kür çayının aşağı axınında vəziyyətin tədricən dəyişəcəyi proqnozlaşdırılır:
"Aldığımız məlumatlar bunu təsdiqləyir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə sululuq 16 % çoxdur".
Qeyd edək ki, Neftçalada analoji problem ötən mövsüm də yaranmışdı. Son illər Kür çayında suyun azalması səbəbindən codluğun yüksəlməsi suyun keyfiyyətinə təsir edib və onu içməyə yararsız hala salıb. Buna görə də rayon mərkəzinin, eləcə də ətraf kənd və qəsəbələrin içməli suya olan tələbatı maşınlarla daşınan su hesabına təmin olunur. Bu səbəbdən də Prezident İlham Əliyev Neftçalada içməli su çatışmazlığının həlli üçün tapşırıq vermişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.